Qədim toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan qadınlar arasında toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilib. Təlimdə 6 aztəminatlı ailənin üzvü, 12 sağlamlıq imkanları məhdud qadın və 3 Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbərləri olmaqla, cəmi 21 nəfər iştirak edib.

Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Sürəyya Bəşirova, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Tarverdi Məmmədov çıxış ediblər. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olanlar arasında xalq tətbiqi sənəti nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də sosial layihələr həyata keçirilir. Bu ilin ötən dövrü ərzində toxuculuq ilə bağlı Sədərək və Culfa rayonlarında təlimlər təşkil olunub.
Sonda təlimi həyata keçirəcək toxucu qadın Gülsüm Kəngərli milli-mənəvi dəyərlərin yaşadılmasında və inkişafında dövlətimiz tərəfindən hər zaman dəstək göstərildiyini bildirib, əyanı vəsaitlərdən istifadə etməklə təlimə başlayıb. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti