Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası aprel ayının 13-də Ordubad rayonunda keçirilib.

Əmək yarmarkasında işaxtaranlara 12-si dövlət və 3-ü özəl sektor olmaqla, ümumilikdə, 15 müəssisədən 170 boş iş yeri təqdim edilib ki, bunlardan 101-ni qulluqçu vəzifəsi, 69-nu isə fəhlə peşəsi təşkil edib.
Yarmarkada 24 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 3 nəfərin peşə hazırlığı kurslarına və 11 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Əmək yarmarkaları aprel ayı ərzində davam edəcək və növbəti əmək yarmarkası aprel ayının 14-də Babək rayonunda təşkil ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti