Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq hərbi xidmətdən tərxis olunmuş şəxslərin məşğulluqlarının təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Ordubad və Culfa rayonlarının hərbi xidmətdən tərxis edilmiş gənclərinin məşğulluqlarının təmin olunması ilə bağlı Culfa rayonunda tədbir keçirilib.
Tədbirdə yeni tərxis olunmuş gənclərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, onların əmək bazarına inteqrasiyası və rəqabət qabiliyyətinin artırılması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.
Gənclərin vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqı­ödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyatı aparılıb.
Mövzu ətrafında suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti