Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, həmçinin onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsinə dair maarifləndirici seminar keçirilib. Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova açıb.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq dövlət proqramlarının icrası çərçivəsində sağlamlıq imkanları məhdud şəxslərin və qadınların məşğulluğunun təmin edilməsi muxtar respublikamızda diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Qeyd edilib ki, bu sahədə görülən işlərlə yanaşı, bəzi müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslərin işdən qanunsuz azad olunması, bəzi hallarda isə məzuniyyət müddətinin düzgün təyin olunmaması hallarına rast gəlinir. Belə halların qarşısının alınması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında maarifləndirici tədbirlər keçirilir və bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
Tədbirdə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov və Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı çıxış edərək müəssisə və təşkilatlarda müvafiq kateqoriyadan olan şəxslərin və qadınların əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydalarından danışıblar.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti