(esse)

Hər bahar gələndə kəndimizdəki nəhəng çinar ağacını xatırlayıram. Üstündən illər keçsə də, sanki indiki kimi gözümün önündə dayanan o qocaman çinarın əzəmətli duruşunu heç zaman unutmayacağam. Ata yurdum Qubadlının axarlı-baxarlı Başarat kəndinin girəcəyində, geniş budaqlarının kölgəsində, bəlkə də, yüzlərlə insanı barındıra bilən o çinar, deyilənə görə, indi daha yaşamır. Kim bilir, necə acılar çəkib, neçə-neçə ruhsuz düşmənlə qarşılaşsa da, öz qürurunu qoruyub. Axı bu torpaq Nəbinin yurdu, Əlyar, Şükür, Mais kimi qəhrəmanların Vətənidir. Silahı olmasa da, özünün çinar qaməti ilə düşmənə qarşı sonacan vuruşub, əyilmədən sınıb, ömrünü bitirib.

O dəhşətli avqust günlərində yağı düşmən Qubadlını hər tərəfdən mühasirəyə alanda kənd camaatı sonuncu dəfə həmin çinarın kölgəsində toplaşıb müdafiə batalyonundan gələcək xəbərləri ümidlə gözləyirdi. Həmin gün dədə-baba yurdunu, bəzəkli ev-eşiyini, bar-bəhərli bağ-bağçasını birdəfəlik atıb ümidsizliyə doğru yola çıxanların, ağlayan qadın-uşaqların fəryadına, sanki qoca çinar da səs vermişdi. Dili olmasa da, qoca çinar uca boyu ilə yaxınlaşan o qorxunc təhlükəni hamıdan yaxşı görürdü: erməni vandalizmi! Sanki çinarın ürəyinə dammışdı. Qadına, uşağa, qocaya, cavana, hətta canlıya, cansıza da fərq qoymadan hamını atəş altına alıb yox etmək üçün gözü dönmüş erməni vandalizmi! Amma çinar təmkinliydi. Az qala beş yüz il ərzində sakini olub yaşadığı bu torpaqda həmişə onu sevgi ilə salamlayıb, qamətindən fəxrlə danışan, hər gün səhər sübhündən axşam toranınadək görməyə adət etdiyi həmkəndlilərinə vəfa borcunu verməyə qərarlıydı çinar. Sonuncu başaratlını da sağ-salamat yola salıb, bu yerlərin keşiyində duracaqdı...
Deyirlər, çinarlar uzunömürlü olduğu qədər də vəfalı və səbirlidir. Doğma torpağın qucağında ona sahib çıxıb nazını çəkən insanların yolunu həmişə gözləyərlər. Yadellinin bir gün mütləq məhv ediləcəyini, köklərindən daha necə yüzlərlə çinar fidanlarının boy atıb ucalacağını bilən Başarat çinarı da sonunda vüsalına qovuşmuşdu. “Vətən yaxşıdır!” – deyib daha artıq gözləməyə səbri çatmayan igid oğullar bir gün qılıncı çəkib, qoç Koroğlu kimi atlandılar. Qisas zamanıydı! 28 il əvvəl anasının əlindən tutub qoca çinarla vidalaşan gözüyaşlı balaca uşaqlar indi cəsur döyüşçülər kimi geri qayıdıb dastana döndülər. Beləcə, bu əsgərlərin hər birinin ürəyindəki qisas alovu uzun illərin əzabında saçlarını ağardan qoca çinarın da torpağa bağlı köklərinə işıq tutdu, ürəyinə su səpdi.
Rahat yat, çinarım! İndi torpağında Azərbaycan bayrağı dalğalanır.

Şəlalə CABBAROVA
Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin müəllimi