Son illər muxtar respublikanın sosial-iqtisadi həyatında əldə olunmuş davamlı inkişaf, həyata keçirilən islahatların səmərəliliyi, səhiyyə sistemində aparılan qabaqcıl tədbirlər yaşayış səviyyəsinin və güzəranın yaxşılaşdırılmasına, əhali artımına əlverişli şərait yaratmışdır.
Muxtar respublikada 1 yanvar 2021-ci il tarixə əhalinin sayı 2010-cu ilin sonu ilə müqayisədə 51,4 min nəfər artaraq 461,5 min nəfər olmuşdur. Ümumi əhalinin 95,1 min nəfəri Naxçıvan şəhərində, 117,9 min nəfəri Şərur, 76,5 min nəfəri Babək, 50,3 min nəfəri Ordubad, 47,3 min nəfəri Culfa, 33 min nəfəri Kəngərli, 25,3 min nəfəri Şahbuz, 16,1 min nəfəri isə Sədərək rayonlarında qeydə alınıb.

Əhalinin 230,5 min nəfərini kişilər, 231 min nəfərini isə qadınlar təşkil edib. Əhalinin 35,4 faizi şəhər, 64,6 faizi isə kənd yerlərində yaşayır.
Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 84 nəfər olmuşdur ki, bu da 2010-cu ilin sonu ilə müqayisədə 9 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı yer Naxçıvan şəhəridir. Burada bir kvadratkilometrə 496 nəfər düşür.
2020-ci ildə muxtar respublikada 4624 körpə doğumu qeydə alınmışdır. Doğulanların 2450-si və ya 53 faizini oğlanlar, 2174-ü və ya 47 faizini isə qızlar təşkil etmişdir. Doğulan uşaqlardan 70-i əkiz, 2-si isə üçəm olub. 2020-ci ildə muxtar respublikada doğulan oğlanlarda Yusif, Əli, Hüseyn, Məhəmməd və Uğur, qızlarda isə Zəhra, Fatimə, Nilay, Məryəm və Zeynəb adları üstünlük təşkil etmişdir. Ümumilikdə, son 10 ildə muxtar respublikada 71,5 min uşaq doğulmuşdur.
2020-ci ildə ölüm göstəricisi muxtar respublikada əhalinin hər 1000 nəfərinə hesabı ilə 6,2 nəfər olmuşdur. 1 yaşa qədər uşaq ölümü ilə əlaqədar göstərici isə hər 1000 doğulana hesabı ilə 3,9 nəfər təşkil etmişdir. Qeydə alınmış bu göstəricilər ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı səviyyədədir.
2020-ci ildə muxtar respublikada 1489 nikah bağlanmış, nikaha girənlərdə orta yaş həddi kişilərdə 28,6, qadınlarda isə 24,3 yaş təşkil etmişdir. 2011-ci ildən 1 yanvar 2021-ci il tarixədək muxtar respublikada 27,8 min nikah qeydə alınmışdır.
1 yanvar 2021-ci il tarixə muxtar respublikada gənclərin sayı 142,2 min nəfərə çatmışdır ki, bu da ümumi əhalinin 30,8 faizini təşkil edir.
Muxtar respublikada demoqrafik proseslərdə qeydə alınmış müsbət dinamika davamlı və dinamik inkişafı, sağlam cəmiyyətin formalaşdırılmasını təmin etmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti