Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən verilən məlumata görə, əmək pensiyasının sığorta hissəsinin məbləği 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 11,4 faiz indeksləşdirilərək artırılacaqdır. İndeksasiya vətəndaşların müraciəti olmadan muxtar respublika üzrə 46 min 500-ə yaxın əmək pensiyaçısına şamil ediləcək və artımların ödənilməsinin həyata keçirilməsinə fondun büdcəsindən hər ay orta hesabla 1 milyon 250 min manat əlavə vəsait yönəldiləcəkdir.

Həmçinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq muxtar respublika üzrə fərdi uçot sistemində qeydiyyatda olan 179 min 649 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,8 faiz artırılacaqdır.

Sərəncamın operativ icra edilməsi məqsədilə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaların yenidən hesablanması üçün fondun şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilmiş, pensiyaların sığorta hissəsinin məbləğinin artırılması prosesinə başlanılıb.

Fondun yerli orqanları tərəfindən indeksləşmə qısa müddət ərzində yekunlaşdırılaraq bütün növ əmək pensiyaları ürzə hesablanmış artımlar yanvar ayının artımları da daxil olmaqla, fevral ayının pensiyası ilə birgə veriləcək.

Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və digər bu kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış əmək pensiyaçılarının pensiyalarına bu artım şamil olunmayacaq.

Qeyd edək ki, ölkə başçısı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 5 fevral 2021-ci il tarixdə Sərəncam imzalayıb. Bu sərəncam pensiya təminatında artım dinamikasının, ümumən əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin cari ildə də uğurla davam etdirildiyini göstərir.