Naxçıvan Şəhər Nəqliyyat İdarəsində avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti göstərən sürücülərə lisenziyaların verilməsi ilə bağlı keçirilən növbəti seminar-müşavirəni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Zaur Əliyev lisenziyanın verilməsi qaydaları və şərtləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, lisenziyanın qüvvədəolma müddəti bir ildir. Ötən il verilmiş lisenziyaların vaxtı bitdiyindən sənədləşmə işi yenidən aparılmalıdır. Sahibkarlar nəqliyyat vasitəsini texniki baxışdan keçirdikdən sonra lazımi sənədlərlə birlikdə Dövlət Nəqliyyat Xidmətinə müraciət edərək lisenziya ala bilərlər. Verilmiş lisenziya əsasında sürücü lisenziya kartı və lisenziyaya əlavə ilə təmin olunur.

Qanunsuz sərnişindaşıma fəaliyyəti göstərənlərə qarşı atılan addımlardan bəhs edən xidmətin sektor müdiri Natiq Həsənov bildirib ki, ötən müddət ərzində Dövlət Nəqliyyat Xidmətinin reyd komissiyası tərəfindən sərnişin və yükdaşıma ilə məşğul olan sürücülərin fəaliyyətinə nəzarət etmək məqsədilə müxtəlif istiqamətlərdə reydlər keçirilib.
Sonra suallar cavablandırılıb, yeni lisenziyalar təqdim olunub.

 Nail ƏSGƏROV