Muxtar respublikada sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar öz müsbət nəticələrini verməkdədir. Cari ildə pandemiya dünya iqtisadiyyatını bir sıra çətinliklərlə üzləşdirsə də, həyata keçirilən məqsədyönlü islahatların nəticəsidir ki, muxtar respublikanın ümumi inkişafını xarakterizə edən makroiqtisadi göstəricilər üzrə heç bir geriləmə qeydə alınmamışdır. Sığorta-pensiya sisteminin inkişafına göstərilən yüksək diqqət və qayğı sayəsində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün də bir sıra tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində isə fond qarşıya qoyulmuş vəzifələrin icrasını müvəffəqiyyətlə yerinə yetirməyə nail olub.

Ötən ay əmək pensiyalarının düzgün təyinatı və ödənişinin aparılması, eləcə də fərdi uçot sistemi sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi vaxtında başa çatdırılmışdır. Tələb olunan 15 milyon 55 min manat vəsait pensiya və məcburi dövlət sosial sığorta ödəmələrinə xərclənmişdir. Əmək pensiyalarının və müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilmişdir.
İqtisadi sahədə dayanıqlı inkişafın təmin olunması noyabr ayında da fondun büdcəsində nəzərdə tutulan daxilolmaların həcminə müsbət təsir göstərmişdir. Nəticədə, ötən ay ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə fondun xəzinə hesabına 9 milyon 224 min 600 manat vəsait daxil olmuşdur ki, bu da proqnoz üzrə nəzərdə tutulmuş vəsaitdən 1 milyon 349 min 600 manat və ya 17,1 faiz çoxdur. Fondun büdcəsinin gəlirləri üzrə proqnoz tapşırıqlara artıqlaması ilə əməl olunması muxtar respublikada əmək pensiyaları və müavinətlərin də vaxtlı-vaxtında maliyyələşdirilməsinə əlverişli şərait yaratmışdır.
Hesabat dövründə fond tərəfindən 10 nəfərə yaşa, 7 nəfərə sağlamlıq imkanları məhdudluğuna, 23 nəfərə ailə başçısını itirdiyinə görə, ümumilikdə, 40 nəfərə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin olunan vətəndaşlardan 25-nə qanunvericiliyə əsasən ilk dəfə təyinat olmuş, 15-nə isə pensiya növündə dəyişiklik edilmişdir. Bundan başqa, yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 245 ərizə forması elektron imza vasitəsilə sifariş verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti