Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Altsisteminin fəaliyyətə başlaması ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə göstərilən tibbi xidmətlərdən danışıb. Bildirib ki, yeni istifadəyə veriləcək sistem sağlamlıq imkanları məhdudluğun təyini və qiymətləndirilməsinin təkmilləşdirilməsinə səbəb olacaqdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək bildirib ki, təqdimatı olan Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Altsisteminin yaradılması sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsində vətəndaş-ekspert təması olmadan, elektron müstəvidə və şəxsin kimliyi, göndəriş verən təşkilatın hansı səhiyyə qurumu olduğu bilinmədən anonim olaraq xəstəliyi əks etdirən tibbi sənədlər əsasında şəffaf şəkildə həyata keçirilməsinə imkan yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Ramin Səfərov və Səhiyyə Nazirliyində tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərə nəzarət komissiyasının sədri Süleyman Cəfərov çıxış edərək sağlamlıq imkanları məhdudluğun təyini və qiymətləndirilməsi sahəsində görülən işlərdən danışıb, yeni istifadəyə veriləcək sistemin əhəmiyyyətindən bəhs ediblər. Tədbir yeni altsistem ilə tanışlıq və sistemin istifadə qaydalarının izahı ilə davam edib. Qeyd edək ki, tədbirdə muxtar respublika üzrə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan 16 tibb müəssisəsinin həkim-məsləhət komissiyalarının həkimləri, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin müvafiq sahələr üzrə məsul əməkdaşları iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti