2020-ci ilin “İxrac” ili elan olunması ticarət əlaqələrinin genişlənməsinə, yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına və beləliklə, ixrac potensialının genişlənməsinə böyük stimul verib.
Bununla bağlı növbəti tədbir 8-11 dekabr tarixlərdə Uludağ Avtomobil İxracatçıları Birliyi tərəfindən təşkil olunan “Autoexpo Turkiye 2020” adlı ilk beynəlxalq onlayn avtomobil sərgisi olub.

Onlayn sərgidə muxtar respublikanı “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Səxavət Hümbətov təmsil edib. Zavodun direktoru 3 gün davam edən onlayn sərgidə bir sıra şirkətlərin nümayəndələri ilə perspektiv əməkdaşlıq imkanları haqqında qarşılıqlı müzakirələr aparıb.
Qeyd edək ki, 55 nüfuzlu avtomobil və ehtiyat hissə istehsalçısı olan şirkətlərin məhsulu nümayiş olunan sərgidə dünyanın 63 ölkəsindən 300-dən çox ziyarətçi iştirak edib. Məqsəd bu sahədə qabaqcıl şirkətlər ilə təcrübə mübadiləsinə nail olmaq, avtomobil sənayesində yeniliklərin nümayişi, beynəlxalq tərəfdaşlıq imkanlarının artırılması, onlayn ikitərəfli (B2B) görüşlərin keçirilməsi olub.
Sahibkarların bu cür beynəlxalq tədbirlərdə iştirakı iqtisadi əlaqələri genişləndirməklə məhsul ixracının artırılmasına təkan vermək baxımından əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti