Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlərin icrası davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə həyata keçirilməsinə başlanılan proqramın icrası ilə əlaqədar noyabr ayında muxtar respublika üzrə, ümumilikdə, sosial qayğıya ehtiyacı olan 32 ailə müəyyənləşdirilib və 22 nəfərin hər birinə iki iribuynuzlu, 7 nəfərin hər birinə 20 xırdabuynuzlu mal-qara, 1 nəfərə döşəmə hamarlayan dəzgah, 1 nəfərə qaynaqçı avadanlıq və ləvazimatları, 1 nəfərə isə miniyerşumlayan aqreqat verilib. Qeyd edək ki, yeni aktiv verilmiş ailələrdən biri şəhid ailəsidir.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin olunması istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb.
Qeyd edək ki, verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə ötən dövr ərzində təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirən Şərur rayon Püsyan kənd sakini Rizvan Əliyevə və Culfa rayon Əlincə kənd sakini Mahir Bağırova arpa-buğda qıran aqreqat verilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti