Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi xəttin muxtar respublikada uğurla davam etdirilməsi sosial proqramların reallaşdırılmasına, əhalinin rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır. Həyata keçirilən tədbirlər əhalinin etibarlı sosial müdafiəsinə nail olunmasını, məşğulluq probleminin həllini, maddi və mənəvi tələblərin təminatını və digər sahələri əhatə edir. Bu sahələrdə görülmüş işlərin nəticəsində əhalinin, o cümlədən əmək pensiyaçılarının etibarlı sosial müdafiəsi yaradılmış, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu ötən ay ərzində əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsini vaxtında başa çatdırmışdır. Tələb olunan 15 milyon 159 min manat vəsait pensiya və məcburi dövlət sosial sığorta ödəmələrinə xərclənmişdir. Əmək pensiyalarının və müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilmişdir.
Hesabat ay müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 10 milyon 137 min 700 manat vəsait daxil olmuşdur ki, bu da nəzərdə tutulan məbləğdən 24,5 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 66,9 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində muxtar respublikada yığılmışdır.
Qanunvericiliyə uyğun olaraq pensiya hüququ yaranmış 41 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Bunlardan 25-i yaşa, 3-ü sağlamlıq imkanları məhdudluğa, 13-ü isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olmuşdur. Əmək fəaliyyətinə ilk dəfə başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması işi də diqqətdə saxlanmışdır. Belə ki, sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 19 ərizə forması elektron imza vasitəsilə sifariş verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti