Bu mövzuda tədbir keçirilmişdir

25 noyabr – Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə “Məişət zorakılığı ailə dəyərlərimizə ziddir” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova açaraq “Məişət zorakılığı – ailə institutumuza təhlükə mənbəyi kimi” mövzusunda çıxış etmişdir. Ailələrdə baş verən problemlərdən söz açan Aytən Məmmədova məişət zorakılığının müxtəlif təzahürlərindən,  ailədaxili münaqişələrdən, onların fəsadlarından danışmışdır. Bildirmişdir ki, statistika və sorğular onu göstərir ki, dünyanın bir çox ölkələrində məişət zorakılığı və xüsusən də gender əsaslı məişət zorakılıqları hələ də davam etməkdədir. Lakin digər ölkələrlə müqayisədə bu problem ölkə­mizdə genişmiqyaslı deyil, muxtar respublikamızda isə demək olar ki, yox dərəcəsindədir.

Əlbəttə, bu da regionumuzun əhalisinin, ailələrinin milli dəyərlərin tərkib hissəsi olan ailə dəyərlərinə bağlılığının nəticəsidir. Vurğulanmışdır ki, hər bir Azərbaycan ailəsinin qarşısında qərinələr, əsrlər boyu formalaşmış milli dəyərləri, milli məfkurəni pak və sağlam niyyətlərlə qoruyub cəmiyyətin inkişafına təsir göstərmək, həmçinin xalqın genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin və məsuliyyətli missiya dayanır. Çünki bütün milli-mənəvi dəyərlərimiz ailədə təşəkkül tapıb, şaxələnib, təkamül yoluna qədəm qoymuşdur. Ailə üzvlərinin bir-birlərinə qarşı davranış mədəniyyəti də ulu babalarımızın bizə miras qoyduğu milli dəyərlərimizdəndir. Hər bir qurulan yeni ailə nəyin bahasına olursa-olsun, bunu yaşatmalıdır. Ona görə ki, düzgün davranış mədəniyyəti qloballaşmanın mənfi təsirlərinin ailəyə daxil olub, onu parçalamaq, məhv etmək ünsürlərindən qoruyacaq, xilas edəcək bir vasitədir. Bu gün hər bir ailə xalqımızın min illərdir, yaşatdığı milli dəyərlərimizi, adət-ənənələrimizi gələcək nəsillərə daşıyan bir körpüdür. Çalışaq ki, tarixin üzərimizə qoyduğu bu vəzifənin öhdəsindən layiqincə gələk.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquq-təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərovun “Məişət zorakılığının milli qanunvericilikdə təsbiti” və Naxçıvan Müəllimlər İnstitutunun psixologiya müəllimi Çapay Quliyevin “Məişət zorakılığının ailə üzvlərinə psixoloji təsiri” mövzularında çıxışları olmuşdur.
Sonda tədbir iştirakçılarına müvafiq mövzuda hazırlanmış bukletlər paylanmışdır.

Xəbərlər şöbəsi