Torpağa bağlılıq, yurd sevgisi kimi hisslər hər bir insana xas olan ən yüksək keyfiyyətlərdən hesab olunur. Dədə-babadan bizim camaat arasında tez-tez işlədilən “Biz bir dərənin suyunu içirik” kəlməsi də insanların yurd-yuvaya olan bağlılığından yaranan, yüzillərlə qaynayıb qovuşmuş həmvətənlərin qarşılıqlı məhəbbətinin su qədər sadə və səmimi dillə ifadəsidir. Səyahətsevərlər yaxşı bilirlər: doğma Vətəndən uzaqda, bir yol qovşağındakı təsadüfi bir görüşdə insanların bir-birinə xoş gələn ana dili, yurdunun şirin ləhcəsi qədər digər bir duyğunu düşünmək çətindir. Amma, əslində, insanın burnunun ucunu göynədən hisslər də bundan sonra başlayır: istər uzun illər Vətəndən ayrı yaşayan, istərsə də bircə həftəlik səyahətə çıxan insanlara doğma yurdunun şirinliyini yenidən daddıra biləcək nəsə təklif etsən, bu, onlara dünyanın ən dəyərli hədiyyəsi olar. Ana torpağın ətrini, suyunun dadını özündə saxlayan, saf, təmiz yurd nemətləri dostların yaddaşında bütün hədiyyəlik əşyalardan daha dərin təəssürat yaradacaqdır.

Şübhəsiz, hər bir insana doğulub böyüdüyü torpağın bütün nemətləri həmişə əzizdir. Əvvəllər, yəni dükan-bazarın bu qədər bol olmadığı vaxtlarda səfərə çıxanda ən azından çantamızın bir gözünə kəndin almasından, armudundan, cəvizindən, badamından bir az qoyardılar ki, gedəcəyin yerə əliboş getməyəsən. Tənbəllikdənmi, ya nədənsə o vaxtlar evdən çox deyil, cəmisi bir ovuc götürdüyümüz o çərəzin bizim kəndli uşaqlara necə dadlı gəldiyini indi də xatırlayıram. O vaxtdan illər ötüb və indi düşünürəm ki, görəsən, adamlara bir süfrə dolusu naz-nemətdən də şirin gələn o yurd matahlarının nə gücü varmış ki, Vətənimizdən kənarda yaşayan dostlarımız onların hərəyə çatan bircə tikəsini elə tərifləyə-tərifləyə yeyərdilər ki, adamın özünün də tamahı düşərdi. O dövrlər arxada qalıb və bu gün oturub  fikirləşəndə həmin suala daha tez cavab tapıram. Görürəm ki, insan nə qədər dost-tanışlı, nə qədər imkanlı olub kənar məmləkətlərdə qayğısız vaxt keçirsə də, onun həyatında mütləq elə bir gizli qüvvə var ki, bu, gec-tez onu doğulub pərvazlandığı torpağa yenidən çəkəcəkdir.
Zaman sürətlə dəyişir və indi hər günün bir müasir tələbi meydana çıxır. Bununla yanaşı, insanların həyat tərzində torpağa bağlılıq, yurd nemətlərinə olan maraq da dərinləşməkdədir. Qloballaşmanın yaratdığı sürətli informasiya axını, insanların müxtəlif mədəniyyətlərlə tanışlıq imkanlarının artması, müxtəlif milli mətbəx nümunələri, bizim torpaqlarda və iqlimdə yetişməyən əcnəbi bağ-bostan məhsullarının bazar və dükanlarımızda satılması dədə-baba nemətlərimizə olan tələbi azaltmamış, əksinə, onu daha da dərinləşdirmişdir. Bu gün kimsə deyə bilməz ki, muxtar respublikadan yola çıxıb kənar ellərə qonaq gedən naxçıvanlı dəvət olunduğu yerə hədiyyə kimi əlində hansısa digər ölkənin istehsalı olan məhsullardan bir torba doldurub gedir. Mənim həmkəndlim yazın o sulu göycəsindən tutmuş payızın alyanaq almasına qədər bu torpağın nemətlərindən alıb pay tutur ki, o, hər yerdə uzun müddət anıla biləcək bir ləzzətlə qarşılansın. Birdən olar, bazardan ağlabatan bir hədiyyə ala bilmədikdə, Duzdağın bircə parça ağ duzu, Naxçıvanın bir şüşə “Sirab” suyu və Azərbaycanın hər yerində çoxdan tanınmış bir dəstə Naxçıvan lavaşı da sizin etibarlı hədiyyəniz ola bilər. Amma sən demə, bunlar hələ az imiş. Artıq deyirlər ki, Naxçıvandan Bakıya və ölkəmizin digər yerlərinə adamların damaq dadını unutmaması üçün hər gün nə qədər içməyə və çay dəmləməyə Batabat suyu daşınır. Ölkəmizin paytaxtındakı restoranlarda Naxçıvandan gətirilmiş quzu ətindən kabab təklif olunsa, təəccüblənməyin. İmkan varsa, niyə olmasın? Bu yaxınlarda dostlarımdan biri hər il mart ayı boyunca Moskvaya Ordubad tərxunu göndərməklə yaxşı pul qazandığını danışmışdı. İşin sirri bəlli idi... Ancaq bir həqiqət də var ki, əgər kiminsə işləri başqa yerdə daha sərfəlidirsə, onun bu nemətlərin əsl ləzzətini dadmaq üçün doğma torpağa daha sıx bağlanması lazımdır. ...Daha sıx əlaqələr, daha sıx gəliş-gediş. Bir vaxtlar Bakıya uçmaq üçün güzəştli biletə belə, pul tapa bilməyən naxçıvanlılar indi “biznes klas” demədən hamıdan daha mobil və səyahətsevər olublar. Get-gedə imkanları artan, iş-güc sahibi olan naxçıvanlılardan birini gündən-günə abadlaşan kəndinə, el-obasına baş çəkdiyində ata həyətindəki arxın kənarındakı yarpızları bir-bir oxşaya-oxşaya yığıb həzin zümzümə etdiyini görsəniz, inanın ki, o anda  onun ürəyindən bir hiss – “hara getsəm, harda yaşasam da, bu dünyanın ən inkişaf etmiş, ən sakit, ən təmiz, ən isti yeri Naxçıvandır” keçir. Onun ürəyindən keçən bu hisslərin yaranmasına səbəb olan Naxçıvanı yaradan da, quran da yurd sevgisidir. İldə bir dəfə torpaq ətri, su həsrəti, yurd həsrəti ilə Naxçıvana gələn, onun müasir görünüşündən heyrətini gizlədə bilməyənlərdən fərqli olaraq, qəlbində yurd, Vətən sevgisi yaşadan insanlar bu diyarı güclü, yenilməz bir məmləkətə çeviriblər.
Bu gün Naxçıvanda hansı sahəyə baxsaq, orada geniş islahatların aparıldığının şahidi olarıq. Ötən dövr ərzində elə böyük nailiyyətlər əldə edilib ki, bu uğurların blokada şəraitində qazanılması, doğrudan da, möcüzədir. Naxçıvanın inkişafdan intibaha qovuşması düzgün idarəetmənin nəticəsi, Vətən sevgisi, yurd sahibliyinin misilsiz nümunəsidir. Muxtar respublikanın bugünkü yüksəlişi 5 minillik tarix boyu yaradılan intibahların ən uca zirvəsində dayanır. Bütün sahələrdə analoqu olmayan uğurlar ona görə qazanılır ki, burada həm ulu öndərimiz Heydər Əliyevin yolu sədaqətlə davam etdirilir, həm də hər kəs öz işinə məhəbbətlə yanaşır. Məmurundan fəhləsinə qədər hamı “öncə Vətən” deyir! Naxçıvanlılar Vətəni üçün əlindən gələni edib, canını belə, əsirgəməyib.
Vətən sevgisi üzərində ucaldılan müasir Naxçıvan bu gün daha möhtəşəm və daha əzəmətli görünür. Muxtar respublikada genişmiqyaslı tikinti və quruculuq işlərinin aparılması, yolların və körpülərin salınması, istehsal müəssisələrinin istifadəyə verilməsi, sənaye və kənd təsərrüfatının inkişafı, on minlərlə iş yerlərinin açılması, məktəblərin, xəstəxanaların, idman komplekslərinin, kənd və xidmət mərkəzlərinin inşası, yaşayış binalarının yenidən qurulması, elektrik, su və qaz təminatının, insanların rifahının yaxşılaşdırılması regionda həyata keçirilən tədbirlərin yalnız görünən tərəfidir. Naxçıvanın işıqlı gələcəyi naminə elə möhtəşəm tədbirlər həyata keçirilir ki, bu gün biz onların mahiyyətini tam dərk edə bilmirik.
Bəli, Vətən, yurd sevgisinin, torpaq təəssübünün nəticəsi budur.

Əli CABBAROV