Azərbaycan Respublikasında və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsində də bir sıra uğurlu islahatlar aparılmış və təkmil sığorta-pensiya sistemi formalaşdırılmışdır.
Fərdi uçot sisteminə əsaslanan yeni sığorta-pensiya sistemi işləyən vətəndaşların Dövlət Sosial Müdafiə Fonduna ödəmiş olduqları məcburi dövlət sosial sığorta haqlarına əsasən, pensiya təyinatını özündə əks etdirir. Bu məqsədlə dövlət və özəl müəssisələrdə çalışan işçilər, həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan torpaq mülkiyyətçiləri Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən qeydiyyata alınmış, onlara sosial sığorta şəhadətnamələri verilmiş və onlar üçün fərdi şəxsi hesab açılmışdır. 2006-cı il 1 yanvar tarixdən həmin kateqoriyadan olan vətəndaşların (sığortaolunanların) ödəmiş olduqları məcburi dövlət sosial sığorta haqları onların fərdi şəxsi hesablarında toplanır. Sığortaolunanlar pensiyaya çıxanda həmin toplanmış məcburi dövlət sosial sığorta haqlarından onlara pensiya təyinatı aparılır. Sığortaolunanlara təyin olunan pensiyanın məbləği onların fərdi şəxsi hesablarında olan məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajlarından asılıdır. Bunlar nə qədər çox olarsa, sığortaolunanın pensiyası da ona uyğun çox olacaqdır.

“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Pro­qramı”na əsasən, avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Həyata keçirilən tədbirlərdən biri vətəndaşların (sığortaolunanların) 2006-cı il 1 yanvar tarixinədək bütün əmək fəaliyyəti dövrlərinin onların fərdi şəxsi hesablarına işlənilməsindən ibarətdir. Bunun əhəmiyyəti nədən ibarətdir? Avtomatlaşdırılmış pensiya təyinatı sistemində insan amili aradan qaldırılır, sığorta­olunanlar bəzi sənədlər hazırlamaqdan azad olur və əmək pensiyasının məbləği xüsusi pro­qram vasitəsilə qısa müddətdə hesablanaraq sığortaolunana təqdim olunur. Eyni zamanda sığortaolunan internet vasitəsilə əmək pensiyasının məbləğini qabaqcadan hesablamaq imkanı əldə edir.
Hal-hazırda bu sistem formalaşdırılmaqdadır. Bu məqsədlə sığortaolunanların 2006-cı il 1 yanvar tarixinədək bütün əmək fəaliyyəti dövrlərinin onların fərdi şəxsi hesablarına işlənilməsi prosesi artıq başa çatdırılmışdır.
Sığortaolunanların sığorta stajlarının toplanılması onların əmək kitabçalarında əks olunan məlumatlar əsasında aparılır. Sığortaolunanın əmək kitabçasına əsasən, əmək fəaliyyəti barədə məlumatlar xüsusi hazırlanmış pro­qram təminatına işlənərək həmin müddətlər vətəndaşın fərdi şəxsi hesabında sığorta stajı kimi öz əksini tapmışdır. Qeyd edək ki, əmək stajlarının toplanılması bütün sığortaolunanlar, o cümlədən fiziki şəxslər və torpaq mülkiyyətçiləri üzrə də aparılmaqdadır.
2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların əmək fəaliyyətinin proqram təminatında qeyd olunması pensiya təyinatında onların həm staj baxımından pensiya təminatı hüququnun yaranmasına, həm də təyin olunacaq pensiyanın məbləğinə təsir edəcəkdir.
Sığorta stajı və məcburi dövlət sosial sığorta haqlarının məbləği pensiya təyinatı üçün tələb olunan əsas göstəricilərdir. Bu göstəricilər də sığortaolunanın fərdi şəxsi hesabında öz əksini tapdığından avtomatlaşdırılmış qaydada xüsusi hazırlanmış proqram vasitəsilə vətəndaşa həmin məlumatlar əsasında pensiya təyinatı aparılacaqdır. Beləliklə, sığortaolunan əlavə sənədlər hazırlamaqdan azad olacaqdır.
Avtomatlaşdırılmış pensiya təyinatı sistemi fəaliyyətə başladıqdan sonra vətəndaşlara  onların elektron və telefonla müraciəti əsasında əmək pensiyası təyinatı aparılacaq. Əmək pensiyası təyinatı aparılan vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildiriləcək. Bu, sistemdə şəffaflığın daha da artmasını təmin etməklə yanaşı, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla Dövlət Sosial Müdafiə Fondu orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.
2006-2012-ci illər üzrə sığortaedənlər və sığortaolunanlar tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında məlumatlar və 2006-cı ilədək mövcud olan əmək stajlarına qanunvericiliyə uyğun hesablanmış pensiya kapitalları barədə məlumatların DSMF-də hər bir sığortaolunan üçün açılmış fərdi şəxsi hesablara işlənilməsi işləri başa çatdırılmışdır. Beləliklə, Dövlət Sosial Müdafiə Fondu orqanlarına əmək stajı barədə məlumat təqdim edən vətəndaşların avtomatlaşdırılmış pensiya təyinatı sistemindən        istifadə etmələri üçün şərait yaradılmışdır.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Naxçıvan Muxtar Res­pub­likası Dövlət Sosial Müdafiə Fondunun internet saytının (www.dsmf.nakhchivan.az) yaradılması da vətəndaşların Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna elektron müraciət etmələrinə geniş imkanlar açmışdır.
Elektron xidmət vasitəsilə sığortaolunanların fərdi şəxsi hesablarına toplanan pensiya kapitalları barədə məlumat əldə edə bilməsinin təmin edilməsi də bu istiqamətdəki uğurlu addımlardan biridir. Beləliklə, artıq istənilən sığortaolunan Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı əldə edəcək. Bu həm də işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə və yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına keçmək kimi vəzifələrin uğurla yerinə yetirilməsinə geniş imkanlar açacaqdır. Başqa sözlə, hər bir işləyən vətəndaş sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti