Müstəqil Azərbaycanın xilaskarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun  bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi, hərtərəfli şəkildə həyata keçirilməsi Vətənimizi və xalqımızı böyük səadətə qovuşdurmuşdur. Azərbaycan Respublikası hazırda dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasında öncül mövqedədir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının timsalında bu yüksəliş daha parlaq və əzəmətli görünür. Blokada şəraitinin yaratdığı çoxsaylı çətinliklərə baxmayaraq, ulu diyarımız yüksək templə tərəqqi edir, yeniləşir, müasirləşir. Hər gün qədim Naxçıvanın abadlaşması, yenidən qurulması salnaməsinə təzə səhifələr yazıldığı kimi, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması, onlara göstərilən hərtərəfli və ardıcıl dövlət qayğısının geniş vüsət alması istiqamətində də ciddi, sistemli işlər görülür, böyük layihələr uğurla reallaşdırılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ulu öndər Heydər Əliyevin əbədiyaşar təlimindən nur alan müdrik siyasəti, xalqa, Vətənə ideal xidmət nümunəsi olan möhtəşəm fəaliyyəti sayəsində qədim diyarımız hazırda bütün sahələrdə özünün əsl intibah dövrünü yaşayır, sosial, iqtisadi və mədəni tərəqqinin misilsiz nailiyyətlərinin şəfəqlərinə boyanır. Bu gün muxtar respublikamızın paytaxtından başlayaraq ən ucqar dağ kənd­lərinə qədər istənilən yaşayış məntəqəsinə qədəm qoysaq, böyük yüksəlişin mahiyyət və miqyasını hərtərəfli şəkildə aydın görə bilərik.
Belə geniş şəbəkəyə malik qurucu­luq və yeniləşmə ünvanlarından birinə – Culfa rayonunun dağlar qoynunda yerləşən Teyvaz kəndinə üz tuturam. Uşaqlıq yaddaşımın unudulmaz xatirələrinin bağlı olduğu doğma məkana yollanıram.

Tarixi  yaddaşdan  fraqmentlər

Teyvaz kəndinin tarixi çox qədimlərə gedib çıxır. Təkcə elə kənd ətrafında Tunc dövrünə aid arxeoloji abidənin aşkarlanaraq qeydə alınmasını xatırlatmaq bu baxımdan kifayətdir. Orta əsrlərə aid müxtəlif qaynaqlarda “Teyvaz” adına bəzən də bir az fərqli orfoqrafik variantlarda rast gəlinməsi kəndimizin neçə-neçə yüz­illiklərin o üzünə gedib çıxan tarixinə güzgü tutur. Bəzi tədqiqatçıların fikrinə görə, Teyvaz kəndinin adı qədim türk dillərindəki “taipa” (geniş) və “az” (vadi) sözlərinin birləşməsindən əmələ gəlib, “böyük suayrıcında, təpəliklər və çaylar arasındakı geniş vadidə salınmış yaşayış yeri” mənasını bildirir. Kəndin adının mənbələrdə rast gəlinən variantlarından birinin “Taubaz” olduğunu, türk dillərində tau/ tağ/ dağ paralelliyinin varlığını  nəzərə alan alimlər sözün mənasını  “dağlıq yer”, “dağlıq vadi”  kimi də izah etmişlər. Hər iki izah kəndin relyefini, coğrafi mövqeyini özündə yetərincə ehtiva edir. Kəndin təbiəti özünəməxsus rəngarəngliyə malikdir. Hər fəslinin öz cazibədarlığı var. Müalicəvi əhəmiyyətli mineral bulaqları da öz yerində... Bəli, Teyvaz kəndi çoxəsrlik qədim tarixə malikdir, zamanın gərdişini, isti-soyuğunu, dolanbaclarını görüb, xoş günləri də olub, sıxıntıya tuş gələn çağları da. Lakin bir məsələ dəqiqdir ki, yaşı əsrlərlə ölçülən bu qədim yaşayış məskəni özünün əsl firavan həyatına, səadətinə son illər qədəm qoymuşdur.

Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir

Müstəqil Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan ulu Naxçıvanın sürətli inkişafı fonunda Teyvaz da yeniləşmiş, abadlaşmışdır. Bir zamanlar yalnız əlçatmaz şirin xəyal saydığımız arzular indi tamamilə həqiqətə çevrilmişdir. Son iyirmi ilə yaxın bir dövr ərzində Naxçıvan Muxtar Respublikasında aparılan çoxşaxəli, hərtərəfli quruculuq tədbirləri  Teyvaz kəndini də əhatə etmişdir. Belə ki, burada inzibati ərazi dairəsi üzrə ayrıca nümayəndəlik təşkil olunmuş, əkinçiliyin, maldarlığın, heyvandarlığın inkişafı üçün ardıcıl dövlət yardımı göstərilmiş, kənd daimi elektrik enerjisi ilə təmin edilmiş, tamamilə qazlaşdırılmışdır. Quraşdırılmış ötürücü qurğu mobil telefonlardan normal istifadəyə şərait yaratmışdır. Bütün bunlar əhalinin sosial problemlərinin həllinə, maddi rifah halının, yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına mühüm təsir göstərmişdir. Son vaxtlarda kəndə yeni asfalt yolun çəkilməsi də bu baxımdan çox böyük əhəmiyyətə malikdir.
Naxçıvan şəhərindən yola çıxandan sonra Teyvaz kəndinə necə çatdığının fərqinə varmırsan. Yüksək keyfiyyətlə yenidən qurulmuş avtomobil yolu elə rahatdır ki, Milax kəndinin girişindən sağa dönüb dağ kəndinə doğru istiqamət götürülməsi, demək olar ki, hiss edilmir. Adətən, şəhərdaxili, yaxud şəhərətrafı yollar üçün xarakterik sayılan müasir abadlıq Naxçıvandan Teyvazadək eyni tərzdə özünü göstərir. Yadıma kənddə keçmiş uşaqlıq illərim düşür. Sentyabrın sonu, oktyabrın əvvəllərində yağışlar başlayan kimi, Teyvaza gediş-gəliş çətinləşirdi. Noyabrdan martadək isə ağ örtüyə bürünən kəndə qalxmaq, yaxud oradan enmək xüsusi fədakarlıq istəyirdi. Kənddəki ailələrin hər biri bunu nəzərə alaraq qış ehtiyatını sentyabr-oktyabr aylarından tədarük edərdilər. Müxtəlif vaxtlarda kənd yolunu az-çox qaydaya salmaq təşəbbüsləri də elə bir nəticə vermədi. Milax kəndindən Teyvaza doğru döngələrlə, eniş-yoxuşlarla dolu sərt, hərəkət üçün hətta yayda da çətin olan yolun qısa müddət ərzində yenidən çəkilməsi, bu məqsədlə sal qayaların çapılması, çökəklərin doldurulması, dərələrdə, dağ yamaclarında müvafiq tikinti işlərinin aparılması, keyfiyyətli asfalt örtüyə malik müasir yolun salınması kənd əhalisinin hüdudsuz sevincinə səbəb olmuşdur. İndi hava şəraitindən, fəsildən, iqlimdən asılı olmayaraq Teyvaza ilin istənilən çağında hər növ avtomobillə rahat gedib-gəlmək imkanı yaradılmışdır.
    Ulu öndərimiz Heydər Əliyev demişdir: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. Teyvaz kəndinə yeni asfalt yolun çəkilməsi, sözün əsl mənasında, bu yaşayış məntəqəsinə ikinci həyat bəxş etmiş, onun sosial-iqtisadi və mədəni tərəqqisi üçün vacib bir faktora çevrilmişdir.

Təhsil  vacib  sahədir

Bu il oktyabr ayının 31-i teyvazlılar üçün əsl bayrama, kəndin çoxəsrlik tarixinin ən əlamətdar, sevincli gününə  çevrilmişdir. Həmin gün ucqar dağ kəndində çoxsaylı quruculuq obyektləri sakinlərin istifadəsinə verilmişdir ki, bunların hər biri son dərəcə böyük həyati əhəmiyyətə malikdir.
Hər bir xalqın həyatında təhsilin əvəzsiz rolu vardır. Mükəmməl biliyə yiyələnmədən müasir inkişafa nail olmaq mümkün deyil. Təhsilin Vətən və millətin həm bu günü, həm də gələcəyi üçün vacib strateji sahə olduğunu daim məxsusi vurğulayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qədim diyarımızın hərtərəfli və fundamental yüksəlişini təmin edən möhtəşəm siyasətində təhsil sektorunun əsaslı şəkildə yenidən qurulması, sürətli inkişafı məsələləri xüsusi yer tutur. Muxtar respublikamızda bütün kateqoriyalardan olan təhsil müəssisələrinin müasir dünya standartları səviyyəsində mükəmməl maddi-texniki baza ilə təmin olunması və intensiv fəaliyyəti üçün həyata keçirilən sistemli, ardıcıl tədbirlər özünün böyük nəticələrini ildən-ilə daha qabarıq şəkildə göstərməkdədir. Teyvaz kəndində müasir məktəb binasının tikilib istifadəyə verilməsi də bu günümüzə və gələcəyimizə göstərilən böyük qayğının parlaq təzahürüdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Teyvaz kənd tam orta məktəbinin yeni binasının açılış mərasimində təhsilin  böyük əhəmiyyətini bir daha nəzərə çatdıraraq demişdir: “Təhsil vacib sahədir. Hər bir insanın həyatında təhsilin mühüm yeri vardır”. Kənd məktəbinin uğurlu təhsil ənənələrinə malik olduğunu  vurğulayan Ali Məclis Sədrinin verdiyi qiymətli tövsiyə və tapşırıqlar həm müəllimlər, həm də şagirdlər üçün əsl fəaliyyət proqramıdır: “Məktəblər təkcə təhsil verən müəssisələr deyil. Onlar həm də ölkənin gələcəyinə xidmət edən bir sahədir. Ona görə də məktəblərdə yaxşı təhsil verməklə yanaşı, şagirdlərin əsl vətəndaş kimi formalaşdırılması da diqqət mərkəzində saxlanılmalıdır. Müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməli, gənclərin yaxşı təhsil almasına, eləcə də onların vətənpərvər və milli ruhda böyüməsinə çalışmalıdırlar”.
Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olan 110 şagird yerlik bu məktəb binası şagirdlərin bilikləri dərindən mənimsəməsi, müəllimlərin mükəmməl fəaliyyəti üçün yüksək şəraiti ilə səciyyələnir. Şagirdlərin aid fənlər üzrə praktik bilik və bacarıqlara yiyələnməsi, nəzəri bilikləri təcrübi şəkildə möhkəmləndirməsi üçün də mükəmməl şərait yaradılmışdır. Müasir avadanlıqların quraşdırıldığı kimya-biologiya və fizika laboratoriyaları tədris prosesində yeni səhifələrin açılması deməkdir. Ucqar, kiçik dağ kəndinin orta məktəbində elektron lövhəli siniflərin qurulması, ayrıca kompüter sinfinin təşkili xüsusi əhəmiyyətə malik olmaqla tədris prosesində çağdaş informasiya-kommunikasiya texnologiyalarından, yeni təlim üsullarından lazımınca istifadə  üçün çox böyük imkanlar yaratmışdır.
Məktəbin hərbi kabinəsində şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, ilkin hərbi biliklərə yiyələnmələri üçün lazımi şərait yaradılmışdır. 3800-ə yaxın kitab fondu olan məktəb kitabxanası da müəllim və şagirdlərin ürəyincədir. Dərsliklər, elmi-kütləvi və bədii kitablar şagirdlərin müxtəlif fənlər üzrə biliklərə dərindən yiyələnməsinə, onların dünyagörüşünün, intellektual səviyyəsinin yüksəlişinə uğurla xidmət göstərmək imkanlarına malikdir. Hər bir otaqda dövlət rəmzlərimizi əks etdirən guşənin olması şagirdlərin Vətənə, xalqa sədaqət, milli dəyərlərə hörmət ruhunda tərbiyəsi üçün mühüm vasitədir.
Məktəbə gəlməzdən əvvəl görüşdüyüm unudulmaz müəllimim Allahverdi Hüseynovun sözləri yadıma düşür. On illər boyu şagirdlərinə Azərbaycan dili və ədəbiyyatını sevdirən, səylə öyrədən Allahverdi müəllim çoxillik səmərəli pedaqoji fəaliyyətdən sonra hazırda təqaüddədir. O, kənd məktəbinin ötən çağlardakı durumunu xatırlayır, yeni məktəb barədə vəcdlə danışır:
– Bir zamanlar kənddə dərs keçilən binaya məktəb binası deməyə adamın dili gəlmirdi. Alaqaranlıq, yarımzirzəmitipli uyğunlaşdırılmış darısqal otaqlarda səkkizillik məktəb üçün siniflər təşkil olunmuşdu. Partalar, yazı taxtaları da köhnə və keyfiyyətsiz idi. Fənn kabinələri, laboratoriyalar isə yalnız arzularımızda yer alırdı. Sonralar yeni məktəb binası tikildi, orta məktəb təşkil olundu, şəraitimiz nisbətən yaxşılaşdı, lakin köklü problemlər qalmaqda idi. Bütün bunları yaşamış bir müəllim olaraq indi mənim sevincimin həddi-hüdudu yoxdur, kəndin digər sakinləri də mənim kimi. Müasir şəhər məktəblərində olan hər cür şəraitin yaradıldığı bu yeni məktəb binasının istifadəyə verilməsi elmə, təhsilə misilsiz dövlət qayğısının parlaq təzahürüdür.

Hər bir kəndin inkişafı, ümumilikdə, dövlətin inkişafı deməkdir

Məktəbdən çıxıb yaxınlıqda yeni istifadəyə verilmiş kənd mərkəzinə üz tuturam. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, feldşer-mama məntəqəsi, Teyvaz və Milax kəndlərini əhatə edən polis sahə və baytarlıq məntəqələri yerləşir. Dövlət və bələdiyyə idarəçiliyinin yerli strukturlarının, həmçinin YAP ərazi ilk təşkilatının, polis sahə məntəqəsinin normal, optimal fəaliyyəti üçün hər cür imkanların varlığı ilk baxışdan diqqəti çəkir. Eyni sözləri digər qurumlar haqqında da deyə bilərik. 8700-dən artıq kitab fonduna malik kənd kitabxanası, 52 yerlik zalı və aid otaqları olan mədəniyyət evi, xəstələrə ilkin tibbi yardımın göstərilməsi üçün hər cür şəraitin yaradıldığı feldşer-mama məntəqəsi, heyvandar­lığın, maldarlığın və arıçılığın geniş inkişaf etdiyi kənddə xüsusi ehtiyac olan baytarlıq məntəqəsinin fəaliyyətinə geniş imkanların təmin edilməsi bütün kənd sakinləri tərəfindən dərin minnətdarlıqla qarşılanmışdır. Kəndə 3200 metr uzunluğunda fiber-optik kabel çəkilməsi, müasir rabitə xidmətinin təşkili də quruculuğun yeni bəhrələri sırasındadır. Rabitə evində 128 yerlik yeni ATS-in quraşdırılması, poçt xidmətinin təşkili, İP televiziya, genişzolaqlı internet və başqa elektron xidmətlərin göstərilməsi üçün müvafiq imkanların varlığı kənd həyatının məna və məzmununa heyrətamiz yenilik və müasirlik gətirmişdir.
Kənddə yeni xidmət mərkəzinin istifadəyə verilməsi müasir tərəqqinin parlaq göstəricilərindəndir. Kənd sakini Mirhəsən Ağayevin fikirləri də bu həqiqəti ifadə edir:
– Teyvazda kənd mərkəzinin, xidmət mərkəzinin istifadəyə verilməsi əhalinin daha rahat və firavan yaşayışının təmin olunmasına yönəlmişdir. Bunların hər biri kənd üçün böyük əhəmiyyət daşıyır. Xəstələrimizə ilkin  tibbi xidmət üçün uzaq məsafə qət edib başqa yerlərə üz tutmağımıza ehtiyac yoxdur. Gündəlik tələbat malları, ərzaq məhsulları almaq üçün Naxçıvan və Culfa şəhərlərinə, ən azından xeyli aralıda yerləşən başqa kəndlərin mağazalarına getmək çətinliyi də aradan qalxdı. Kəndli təsərrüfatları üçün zəruri olan baytarlıq xidmətinin təşkili də bunun kimi. Hər cür xidmət imkanları olan rabitə evi də ürəyimizcədir. Bir sözlə, dağ kəndimiz üçün şəhər ovqatı, şəhər görünüşü, şəhər rahatlığı yaradan muxtar respublika rəhbərinə daim minnətdarıq. Bütün bunların müqabilində hamımız daha səylə çalışmalı, kəndimizin bütün sahələrdə yeni uğurlar qazanmasına, təhsilin, mədəniyyətin, kənd təsərrüfatının yeni yüksəlişinə nail olmalıyıq.
Quruculuq, abadlıq tədbirləri Teyvaz kənd məscidini də əhatə etmişdir. Məscid  əsaslı şəkildə təmir olunmuş, buraya su, qaz xətləri çəkilmişdir.
Kənddə 220 metr uzunluğunda kaptajın tikilməsi, 1300 metr uzunluğunda su xəttinin, 750 metr uzunluğunda elektrik xəttinin çəkilməsi, yeni elektrik transformatorunun qurulması da böyük quruculuğun, sistemli, ardıcıl dövlət qayğısının geniş şəbəkəsində önəmli yer tutan faktlardandır.
Bir mühüm məqamı da qeyd etmək istəyirəm. Bu da əhalinin məşğulluq probleminin həlli ilə bağlıdır. Kənddə yerli şəraitə uyğun olaraq maldarlıq, heyvandarlıq, arıçılıq, meyvəçilik kimi sahələr uğurla inkişaf etdirilir. Kəndli təsərrüfatlarının inkişafı, əhalinin normal əmək fəaliyyəti üçün hərtərəfli, ardıcıl dövlət qayğısı  göstərilir. Əlavə olaraq deyim ki, yeni istifadəyə verilən obyektlər, yara-dılan xidmət sahələri sayəsində də bir sıra ailələrin üzvləri üçün iş yerləri  açılmışdır. Kənd rabitə evinin müdiri Vüqar Quliyev də onların sırasındadır:
– Kəndimizdə aparılan böyük quruculuq hər bir ailəyə sevinc bəxş etmişdir. Mən də yeni işlə təmin olunan şəxslərdən biriyəm. Minnətdarıq və sevinirik ki, belə bir abad kənddə yaşayırıq, işləyirik. Hər birimiz böyük dövlət qayğısına əməli işimizlə, fəaliyyətimizlə cavab verməyə xüsusi səy göstərəcəyik.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, görkəmli dövlət xadimi Vasif  Talıbovun qayğısı sayəsində Teyvaz kəndi muxtar respublikamızın çoxsaylı abad yaşayış məntəqələri sırasına qoşulmuş, özünün yeni həyatına qədəm qoymuşdur. Dağ kəndinin daha işıqlı, rahat  ağ günləri başlamışdır.  Bu isə sadəcə, bir kənddə aparılan abadlıq, yenidənqurma deyil, bütövlükdə, müstəqil Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan, böyük sürətlə yüksələn Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və mədəni tərəqqinin üzvi tərkib hissəsidir, ulu diyarımızın intibah mərhələsinin növbəti parlaq səhifəsidir. Muxtar respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qeyd etdiyi kimi: “Hər bir kəndin inkişafı, ümumilikdə, dövlətin inkişafı deməkdir. Bu gün Teyvaz kəndində qurulanlar, yaradılanlar bu kəndin timsalında ölkəmizin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdir”.

Hüseyn HƏŞİMLİ
filologiya elmləri doktoru, Əməkdar elm xadimi