Bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması istiqamətində də möhkəm qanunvericilik bazası yaradılıb, ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırılıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyət istiqamətinə uyğun olaraq bütün kateqoriyadan olan uşaqlar kimi hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların da, hüquq və mənafelərinin qorunması istiqamətində müvafiq işlər həyata keçirir. Aparılan işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş komitənin və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün iş planına uyğun olaraq komissiyanın ekspert qrupu tərəfindən 2020-ci ilin 18 və 23 sentyabr tarixlərində Şərur rayonu və Naxçıvan şəhəri üzrə, ümumilikdə, 10 hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşağın yaşadığı evlərdə monitorinq keçirilib.
Monitorinqlərin məqsədi uşaqların hüquq və mənafelərinin qorunması, onların hüquqlarının pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir. Bu zaman uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə, təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılıb, qəyyum və himayədarları ilə geniş söhbətlər aparılıb, hüquq pozulması hallarına rast gəlinməyib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən müvafiq işlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin mətbuat xidməti