Könüllülük fəaliyyətinə ölkəmizdə, eləcə də muxtar respublikamızda geniş önəm və diqqət verilir. Bu gün könüllülük fəaliyyəti ilə məşğul olan gənclərin sayı çoxluq təşkil edir və daha da artmaqdadır. Onlar müxtəlif tədbirlərə qatılır, yaşlılara, tənha yaşayan insanlara, sağlamlıq imkanları məhdud şəxslərə, müharibə veteranlarına köməkliklər göstərir, ekologiyanın, təbiətin qorunmasında fəallıq nümayiş etdirirlər.
Ölkəmizdə bu fəaliyyət, belə desək, mentalitet qədim tarixlərə söykənir. Ulu ata-babalarımız əsrlərboyu bir-birinə yardımlar etmiş, ağır günlərdə öz qonşusundan, dostundan, yoldaşından köməyini əsirgəməmişdir. Qədim zamanlardan günümüzə kimi süzülüb gələn, artıq genetikamızın bir parçasına çevrilən bu ənənə aldığı siyasi dəstəklə də cəmiyyətimizdə, sosial həyatımızda öz yerini möhkəmləndirib.
Sosial həyatın müxtəlif sahələrini əhatə edən və asanlaşdıran bu ideya dövlətimizin başçısı cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq tapşırıqları ilə bu istiqamətə diqqətin artırılması könüllülük düşüncə və prinsiplərinin daha da möhkəmlənməsinə, sabitlənməsinə imkan verib. Nəticədə, muxtar respublika gəncləri müxtəlif könüllülük proqramlarına qoşulub. Bu, könüllü gənclərin müxtəlif layihələrdə iştirakına, onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradıb. Muxtar respublikada könüllü gənclərin fəaliyyətini onların özündən eşidib qələmə aldıq.
Fidan Hüseynova: – 2020-ci ilin fevral ayından ekoloji könüllü kimi fəaliyyət göstərirəm. Təbiəti çox sevdiyim və ətraf mühiti qorumaq, bunu insanlara çatdırmaq imkanı əldə etmək üçün könüllü olmaq istədim. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıram. Gələcəkdə bu sahə üzrə işləməyi düşünürəm, lakin bununla yanaşı, gənclərə dəstək olmaqla, sabaha inamla xalqına, dövlətinə layiqincə xidmət edən könüllülər yetişdirmək istəyirəm. Həmyaşıdlarıma isə demək istəyirəm ki, bir gün nələrsə bacarmaq üçün əvvəlcə hər hansı işi könüllü etməlidirlər ki, gələcəkdə uğur əldə edə bilsinlər. Xalqımızın belə gənclərə ehtiyacı var.

Vaqif Cəfərli: – Könüllü dostlarım var idi. Onlar könüllülüklə bağlı mənə danışdılar, mən də yeni dostlar qazanmaq, eyni zamanda cəmiyyətə faydalı olmaq üçün Gənclər Fondunda sosial könüllülük fəaliyyətinə qoşuldum. Biz könüllü kimi muxtar respublikamızın müxtəlif bölgələrinə gedir, sosial qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud vətəndaşlarımızla görüşür, onlara mənəvi dəstək göstəririk. Məncə, bu istək könüldən gəlməli, təmənnalı olmamalıdır. Könüllülük insanın həm özünə, həm də cəmiyyətə yararlı olması deməkdir. Könüllü olmaq gələcək iş təcrübəsinin də çoxluğuna, müasir dünyagörüşünün formalaşmasına, sosial həyatda fəallığa şərait yaradır. Mən bütün gənclərə könüllü olmağı məsləhət görürəm.
Gənclərin bu istiqamətdə fəaliyyətləri həm xalqımız, həm də özləri üçün əhəmiyyətlidir. İstərdik ki, bütün gənclər özlərini bu xeyirxah, mühüm yolda – könüllülüyə gedən yolda sınasınlar və əminik ki, onların da gənclik uğurları buradan başlayacaq...

Vüsal ŞEYXOV