Naxçıvan Muxtar Respublikasında dövlətin himayəsi ilə bütün sahələr kimi, informasiya və kommunikasiya texnologiyaları sektoru da sürətlə inkişaf edir. Bunun nəticəsidir ki, hazırda əhalinin nəinki telefon rabitəsi, hətta bütün multimedia və informasiya texnologiyalarına çıxışı təmin olunmaqdadır. Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müasir texnologiyaların tətbiqi və milli rabitəmizin yeni texnologiyalar əsasında qurulması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, Naxçıvanın telekommunikasiya şəbəkəsi yeni nəsil NGN (Next Generation Networking) texnologiyası əsasında yenidən qurulur.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən aldığımız məlumata görə, muxtar respublika ərazisində yeni nəsil telekommunikasiya sisteminə keçid 4 mərhələdə həyata keçirilir. Artıq 3-cü mərhələnin icrası ilə əlaqədar Şahbuz və Babək rayonlarında da yeni texnologiyaların tətbiqinə başlanılıb. Şahbuz və Babək rayonlarında qurulacaq yeni sistem üçün avadanlıqlar Naxçıvana gətirilib, hazırda montaj-tənzimləmə işləri həyata keçirilir. Cari ilin sonuna kimi işlərin başa çatdırılması və sistemin istifadəyə verilməsi nəzərdə tutulur. Şahbuz rayonu ərazisində mövcud olan avtomat telefon stansiyaları tamamilə, Babək rayonunun isə qalan əraziləri yeni NGN avtomat telefon stansiyaları ilə əvəz ediləcək. Şahbuz şəhərində 1536, Kolanı, Sələsüz, Keçili kənd­lərinin hər birində 384, Külüs, Kükü, Biçənək kəndlərində 288, Badamlı qəsəbə, Şahbuzkənd, Qızıl Qışlaq, Nursu, Ağbulaq kəndlərində 256, Aşağı Qışlaq kəndində 320, Yuxarı Qışlaq kəndində isə 192 nömrətutumlu yeni nəsil telekommunikasiya sistemi qurulacaq. Bundan başqa, Babək rayonunun Cəhri kəndində 1024, Şıxmahmud, Qahab, Kərimbəyli kəndlərinin hər birində 512, Sirab kəndində 448, Zeynəddin kəndində 416, Kültəpə, Uzunoba, Didivar kəndlərində 384, Vayxır, Xalxal, Nəzərabad, Məmmədrza Dizə kənd­lərində 256, Məzrə kəndində 320, Buzqov kəndində 288, Payız kəndində isə 128 nömrə tutumlu yeni avtomat telefon stansiyaları quraşdırılacaq.
NGN texnologiyasının tətbiqindən sonra ADSL internet portallarının sayını istənilən qədər artırmaq mümkün olacaq ki, bu da region abunəçiləri üçün daha keyfiyyətli, daha təhlükəsiz rabitə xidməti ilə yanaşı, genişzolaqlı internetdən istifadəyə geniş imkan yaradacaq. Yuxarıda göstərilən yeni nəsil telekommunikasiya sistemi isifadəçilərə İP-TV, videotelefon, internetə sürətli qoşulma ilə yanaşı, çoxlu sayda servis xidmətlərindən istifadə etmək imkanı verir. Bura çıxış və giriş zəng­lərinin məhdudlaşdırılması, nömrənin bağlanması, zəngli saat, birbaşa və cavab olmayanda yönəltmə, məşğulluq zamanı yönəltmə, ikinci zəngin qəbulu, nömrənin məşğulluğu zamanı məşğulluq bitdikdə hər iki tərəfə zəng göndərilməsi, 3 və 64 nəfərlik konfrans rabitə, konfrans rabitə zamanı ikinci zəngin qəbulu, nömrənin təyin edilməsi, daxili telefon xidməti və sair xidmətlər aiddir. Qeyd edək ki, bu sistem 2010-cu ilin may ayından başlayaraq Naxçıvan şəhəri, Babək qəsəbəsi, Nehrəm və Yarımca kəndlərində, 2012-ci il mart ayından isə Şərur və Sədərək rayonlarında istismar olunur.

Xəbərlər şöbəsi