Dünən Culfa şəhərində növbəti əmək yarmarkası keçirilib. Tədbiri giriş sözü ilə açan Culfa Rayon Məşğulluq Mərkəzinin direktoru Ramiz Allahyarov muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması istiqamətində son illər həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Qeyd olunub ki, şəhər və rayonlarımızda fəaliyyət göstərən məşğulluq mərkəzləri öz işlərini təmsil etdikləri bölgələrdə idarə, müəssisə və təşkilatlarla əlaqəli şəkildə quraraq boş iş yerləri haqqında məlumatlar toplayır, əmək yarmarkalarında həmin iş yerlərini qeyri-məşğul vətəndaşlara təqdim edirlər. Culfa Rayon Məşğulluq Mərkəzi də fəaliyyətini bu istiqamətdə qurub. Ötən illərdə mərkəzə müraciət edən yüzlərlə vətəndaş əmək yarmarkaları vasitəsilə özünə daimi iş yeri tapıb.

Tədbirdə çıxış edən işaxtaran vətəndaş Jalə Məmmədova dövlətimiz tərəfindən əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər üçün minnətdarlığını bildirib.
Əmək yarmarkasında Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Yalçın Hüseynov qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilir. Qeyd olunub ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci il­lər)”nın birinci mərhələsinin uğurlu icrası işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına gətirib çıxarıb. Muxtar respublikamızda da həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təminatında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.
Yarmarkada 20 təşkilatdan 130 boş iş yeri iştirakçılara təqdim edilib. Tədbirdə 19 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi