(Esse)

Əzəl gündən elimizdə, obamızda, tariximizdə yaddaşımızda, mənliyimizdə, kimliyimizdə, dünənimizdə, bu günümüzdə səslənən, qəlbimizi ovsunlayan, varlığımızı sübut edən bir kəlmə var yer üzündə – Ana dilim. O dilim ki atdığımız hər addımda, aldığımız hər nəfəsdə duyuruq varlığını, hərarətini. Onun adı ilə səhərlərə gözümüzü açıb, onun qüdrətilə qaranlıq gecələrlə sağollaşırıq. O dilim ki beşik başında körpələrin ilk eşitdiyi şirin ana laylasının məlahətli səsidir. Elə qəlbimizi kövrəldən, ruhumuzu dinləndirən həmin məlahətli, harmoniyalı, nəvazişli, qayğılı səsin vəhdətində bütünləşirik, birlik oluruq, dilin qüdrətindən güc alırıq, yumruq oluruq. Gücümüzə güc qatan ana dilim hərflərdə, sətirlərdə, sözlərdə, cümlələrdə, şeirlərdə yaranıb-yaşayıb, müqəddəs milli dəyərlərimizin libasına bürünərək bizi təmsil edir. Bir sözlə, o dilim ki rəngarəng poeziya, şirin layla, ecazkar mahnı dilidir. Himnimizin məğrur, vüqarlı dilidir. O dilim ki dosta məhəbbət, düşmənə nifrət dilidir. Qardaşlıq, mübarizlik, qəhrəmanlıq dilidir. Ana qədər müqəddəs ocağın istisindən ilhamlanıb dünyanı qucaqlayan ana dilimdir...

O dilim ki illərə meydan oxuyan çətin sınaqlardan süzülə-süzülə uzun və qətiyyətli məsafələr qət edərək keşməkeşli yol keçib, nüfuzlu ədiblərin təbliği ilə cilalanıb formalaşaraq kamil qrammatik quruluşa, zəngin söz boğçasına malik şəkildə bu günümüzə gəlib çatıbdır. Orta əsrlərdə Nəsimi, Füzuli, Xətai kimi sənətkarlar, daha sonrakı əsrlərdə Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, müasir dövrdə isə Bəxtiyar Vahabzadə bu ənənənin görkəmli nümayəndələrindəndir. Onlar öz əsərləri ilə dilə yeni-yeni sözlər gətirib, dilimizin zənginliyindən lazımınca istifadə edərək unudulmaqda olan bədii ifadələrimizi, söz xəzinəmizi mühafizə ediblər.
Ana dilinin inkişafında əməyi keçən publisistləri xatırlayarkən görkəmli dramaturq, publisist Cəlil Məmmədquluzadəni xüsusi vurğulamaq gərəkdir. Çünki “Molla Nəsrəddin” jurnalının əsas mövzularından biri məhz ana dilinin saflığı problemi idi. Cəlil Məmmədquluzadə yaradıcılığında ortaq türk ədəbi dili, ana dilinin saflığı, əlifba məsələsi aparıcı mövzular idi. Dahi yazıçı sözün təsir imkanlarını, rolunu, əhəmiyyətini yüksək qiymətləndirirdi. Böyük demokrat, ədib yazırdı: “Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır”. “Anamın kitabı” tragikomediyasında da ana dili məsələsi aktual mövzu kimi səciyyəvidir. Belə ki, rus dilinə meyilli Rüstəm bəy, fars dilinə meyilli Mirzə Məhəmmədəli, türk dilinə meyilli Səməd Vahid obrazlarının timsalında ədib XX əsrin əvvəllərində ziyalıların ana dilinə düşmən kəsilməsini, biganəliyini “başqasının ləhcəsinin şirinliyini” ürək ağrısı ilə təsvir edib.

Ana dili və ədəbiyyatın öyrənilməsində yazıçı, publisist Eynəli bəy Sultanovun da böyük xidmətləri olub. Onun “Müsəlman xalqına son söz”, “Xalqa məhəbbət”, “Ziddiyyət”, “Zəruri izahat” və sair məqalələri qüvvətli milli-xəlqi ruhda yazılmış, ana dilinin müdafiəsinə köklənib. “Xalqa məhəbbət” məqaləsində: “Mənim xalqım! Səni azad insanlar içərisində azad, xoşbəxtlər içərisində xoşbəxt, maarifçilər arasında maarifçi görə biləcəyəmmi?” – deyən publisistin fikirlərində Vətən sevdası, birlik, maarifçilik arzusu öz əksini tapır. 1917-ci ildən isə Eynəli bəy ana dili müəllimi və sinif nəzarətçisi vəzifəsində çalışarkən latın əlifbasına keçmək uğrunda ardıcıl səylər göstərib, yeni əlifba komitəsi Tiflis şöbəsinin katibi vəzifəsini daşıyıb.
Bəxtiyar Vahabzadə müasir dövrdə dil haqqında qəzet və jurnallarda “Ana dilim-ana köküm!”, “Tarix, dil, ənənə”, “Ana dili”, “Dil haqqında sorğu”, “Bir daha ana dili haqqında”, “Dil və əlifba”, “Dilimiz – ədəbiyyatımız”, “Dildə təbiilik və gözəllik”, “Ana dili – dövlət dili” kimi məqalələrlə çıxış edib. Bu aktual publisistik məqalələrdə türkçülüyü qabardır, oxucu qarşısında dil haqqında öyrədici və yol göstərici “kompasa” çevrilir. Örnək bir əsər olan “Ana dili” şeiri şair yaradıcılığının ən monumental, şah əsərlərindən biridir ki, ana dilim haqqında deyiləcək ən mütərəqqi fikir və ideyaları özündə əks etdirib.
Ana dilim zaman-zaman ona qənim kəsilənlərlə, qəddarcasına düşmən münasibəti bəsləyənlərlə qarşılaşıb. Sovet ideologiyasının təsiri ilə ana dilimizə qarşı təqiblər olub, onun unudulması məqsədilə yazıçı və publisistlərimiz məhrumiyyətlərə, repressiyalara məruz qalıblar. Təbii ki, bunlar milli şüurumuzun bugünkü inkişafına qədər keçdiyimiz ağır, böhranlı illər, yad, soyuq münasibətlər idi. Ana dilim, o dilim ki ona var olması, yaşaması, yeni nəfəs verilməsi zamanını səbirsizliklə gözləyirdi. Dədəm Qorqudun telli sazından havalanan, Nəsiminin imdadından, Füzulinin qələmindən güc alaraq, bəlalı taleyin, sanki dilə gətirirdi.
Doğma dilimizin yenidən çiçəklənməsində, ona yenidən həyat verilməsində, totalitar sovet rejimi dövründə digər milli dəyərlərimiz kimi ana dilimizin də vurğunu, xilaskarı kimi tarixə düşən ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Belə ki, ilk addım 1995-ci ildə Konstitusiyamızın 21-ci maddəsində öz əksini tapdı. Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ilin iyulunda ulu öndər “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Eyni zamanda Dil Şurası yaradıldı. Çox keçmədi ki, 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olundu. Azərbaycan dili gününün dövlət səviyyəsində qeyd edilməsi onun inkişafı istiqamətində ən mühüm addım oldu. Çünki ulu öndərə qədər ana dilini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmamışdı. Onun zəhmətilə şaxələnib, pöhrələnib, çiçəklənib ana dilim. Onun əllərilə Vətən, xalq, millət bir olub, doğma dilinə qucaq açıb. Bunun bəhrəsidir ki, ana dilimin mərhələli şəkildə formalaşması prosesinə ilk olaraq məktəblər, dövlət müəssisələri və mətbuat sahələri cəlb edilib. Mətbuatın ana dilimizin inkişafındakı yeri isə əvəzsizdir. Çünki dildə söz əsas meyardır. Sözün təsir gücü, ahəngdarlığı, bədii ifadəsi birbaşa peşəkar jurnalist yaradıcılığı imkanlarıdır. Bu gün mətbuat sahəsində dil normalarının qorunmasında dövlətin fəal, təsirli rolu ilə yanaşı, hər bir jurnalistin, eləcə də vətəndaşın ictimai borcunu dərindən anlaması önəmli faktordur. Azərbaycan kütləvi informasiya vasitələrində dilimizin və ədəbi dil normalarının qorunması daimi olaraq müzakirə edilir. Bildiyimiz kimi, KİV-lər cəmiyyətə informasiya çatdırmaqla yanaşı, həm də maarifləndirici və təsiredici bir vasitədir. Ana dilimizin yad təsirlərdən qorunması, onun dil normaları nəzərə alınaraq cəmiyyətə çatdırılması isə media nümayəndələrinin mənəvi borcudur. Hansısa bir internet saytında ədəbi dilimizin normaları, dilimizin düzgün yazılış qaydaları pozulursa, həmin söz oxucuların yaddaşına elə o cür də həkk olunur. Bu səbəbdən istənilən halda kütləvi informasiya vasitələrində ədəbi dil normaları qorunmalıdır.
Ulu öndərin ardıcılı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib. Bu proqram Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açıb.
Amma etiraf edək ki, son illər saytlarda dilimizə kənar dillərin müdaxiləsi hələ də hökm sürür. Bir sıra ekspertlər mediada çalışan əksər jurnalistlərin dil normalarına əməl etməməsi məsələsini qaldırsalar da, hələ də belə təəssüf doğurucu faktlarla rastlaşırıq. Əsasən də internet jurnalistikasında yenicə fəaliyyət göstərmək istəyənlər dil normalarını korlamaqla yanaşı, bunu “obrozovoniski” dil də adlandırırlar. Dilimizə yad sözlər daxil edir, ana dilimizin doğma sözlərini türk, ingilis dillərindəki qarşılıqları ilə əvəz edirlər. Bu isə bağışlanmaz haldır. Biz dilimizin saflığını qorumalı, sözlərin cümlə içərisindəki yerinə və təsirinə diqqət etməli, bu işdə həssas olmalıyıq. Bəxtiyar Vahabzadənin “Ana dili” şeirindəki misralar bu günün aktual dil problemləri ilə səsləşir. Dilin xalqımıza bəxş etdiyi əvəzsiz nemətləri tanımayan, şairin təbirincə desək, “ana dilində danışmağı ar bilən, modalı ədabazlar”a qarşı barışmaz mövqedə dayanan, əvvəldən didaktika yolunu tutan şair axırıncı bənddə öz daxili təlatümlərindən və dil haqqında qayğılarından belə bəhs edib:

Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən , modalı ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi, bir də ana ürəyi
Sizlərə qənim olsun.

Dilimizin işləkliyi və düzgün təbliği muxtar respublikada daim diqqətdə saxlanılan əsas məsələlərdən biridir. Elə bu səbəbdəndir ki, gənc jurnalistlərin milli vətənpərvərlik ruhunda tərbiyəsi, dil normalarını peşəkarcasına mənimsəməsi daim diqqətdə saxlanılır. Televiziya və radiolarda Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə yaradılan bədii şuralar Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısının alınmasında, bu işdə ictimaiyyətin də fəal iştirakının təmin edilməsi və operativ tədbirlərin görülməsində mühüm rol oynayır. Azərbaycan dilində əcnəbi sözlərin və ifadələrin yersiz işlədilməməsi, aparıcıların fonetik normalara əməl etməsi, reklam mətnlərinin səlis və aydın olması daim nəzarətdədir. Muxtar respublikada media sahəsində çalışan gənc jurnalistlər ədəbi dil normalarına riayət etməklə, nəinki dilimizin saflığının qorunmasında, həmçinin nümunəvi kadr potensialının nümayiş etdirilməsində də əhəmiyyətli rol oynayırlar.
Dilin inkişafı istiqamətində atılan addımların ən mühümü isə 2020-ci il 8 may tarixdə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun qəbul edilməsi oldu. Həmin qanunla İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 533-1-ci maddəyə əsasən kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə, fiziki, vəzifəli və hüquqi şəxslərə müvafiq cərimələr tətbiq edilib. Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Fərmanı ilə “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişikliklər edilmiş, həmin dəyişikliklərə əsasən muxtar respublikada dövlət dili normalarının pozulması teleradio yayımlarında baş verdikdə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, şöbə və sektor müdirinə, digər kütləvi informasiya vasitələrində aşkar edildikdə isə Naxçıvan Mətbuat Şurasının sədrinə protokol tərtib etmək səlahiyyəti verilib. Heç şübhəsiz ki, bu, qədim diyarımızın müasir media toplumunun doğma dilimizin saflığının keşiyində daha ayıq-sayıq dayanması, dilimizi bütün gözəllikləri və incəlikləri ilə təbliğ etməsi baxımından öz töhfəsini verəcək.
Ana dilim, şirin dilim...O dilim ki kamil qrammatik quruluşa, zəngin söz fonduna, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. O dilim ki ən çətin və mürəkkəb fikirləri ifadə etmək gücünə, ən yüksək elmi əsərləri başqa dillərdən tərcümə etmək imkanına malikdir. O dilim ki ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir. O dilim ki siyasi müzakirələr, mədəni yığıncaqlar və elmi simpoziumların dilidir. Bizləri birləşdirən milli dəyərlərin dilidir. Kitablarımızın, elm adamlarımızın, dövlət sənədlərimizin, atributlarımızın, əsrin müqavilələrinin dilidir. O dilim ki ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətimizi, düşmənimizə isə nifrətimizi ifadə edən bir dildir. O dilim ki varlığımız, vüqarımız, iftixarımız, bu günümüz, sabahımızdır. “Ağ örpəkli”, “ağ birçəkli” ana dilim! Hələ sənin yaşadılmağın, ən mötəbər sözlərlə, əməllərlə ucaldılmağın üçün nələr-nələr edəcəyik...

 Türkan HÜSEYNLİ