12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə gənclər arasında “Xəmsə” milli intellektual oyunu keçirilib.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov çıxış edərək gənclərin intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.
Sonra 8 komandanın iştirakı ilə 2 yarımfinal və final mərhələsindən ibarət olan oyun başlayıb. Hər mərhələdə ən yüksək xal yığaraq birinci və ikinci yerlərə çıxmış komandalar finala vəsiqə qazanıblar. Belə ki, “Diplomat”, “Qasırğa”, “Turan” və “Böyük beşlər” komandaları finalda mübarizə aparıblar. Sonda “Diplomat” komandası daha çox xal toplayaraq oyunun qalibi adını qazanıb. “Turan” və “Qasırğa” komandaları müvafiq olaraq II və III yerə çıxıb. Qalib komandaya kubok, digərlərinə, eləcə də komanda üzvlərinə diplom, fəxri fərman, Azərbaycan və dünya ədəbiyyatı nümunələrinə aid bədii kitablar təqdim olunub. 40 gəncin iştirak etdiyi intellektual oyun Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti