Bu yaşayış məntəqəsinin turizm imkanları bir qədər də genişlənib

Mədəniyyət yoldan başlanır

İlin qızılı fəsli payızı son illər muxtar respublikamızda daha yüksək ovqatla yaşayırıq. Bu dövr erkən yazdan əkin sahələrində, meyvə bağlarında yetişdirilən məhsulun, ruzi-bərəkətin tədarük edilən çağıdır. Odur ki, insanlar payız fəslini həm də bolluq fəsli hesab edirlər. Digər cəhətdən, son illərdə istifadəyə verilən müxtəliftəyinatlı yeni obyektlərin açılış mərasimləri də daha çox bu dövrə təsadüf edir. Necə deyərlər, bayram bayrama qarışır.
Şahbuz rayonunun ucqar dağ və sərhəd yaşayış məntəqəsi olan Kükü kəndinə yolumuz belə günlərin birində düşdü. Bilirdik ki, bir neçə gün əvvəl – oktyabr ayının 12-də  Küküdə bayram sevinci yaşanıb. Şahbuz şəhərindən kəndə gedən yolun yenidənqurmadan sonra açılışı olub, yaşayış məntəqəsində yeni sosial obyektlər istifadəyə verilib. Qədim tarixə malik olan bu yurd yeri müasir Azərbaycan kəndinə çevrilib.

Rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva əslən bu kənddəndir. Küküyə də onunla birlikdə gedirik. Yol yoldaşımın sevinc hisslərini duymaq mənim üçün çətin deyil. O da bunu başa düşür və söhbətə başlayır:
– Onu deyim ki, Kükü Şahbuz rayonunun ən böyük yaşayış məntəqələrindən biridir. Sərhəd zonasında yerləşən bu kənd buraya üz tutanları öz təbii gözəllikləri, füsunkar təbiəti ilə qarşılayır, səmimiyyət və qonaqpərvərliklə yola salır. Son illərdə bu yaşayış məntəqəsində də bir sıra problemlər yaranmışdı. Yolumuz isə daha bərbad vəziyyətdə idi. Ona görə də son vaxtlara qədər bu kəndə getmək üçün taksi sürücüləri ilə söhbət etməyə belə, lüzum yox idi. Marşrutda isə iynə atsaydın, yerə düşməzdi. Ümid qalırdı təsadüfi yol maşınlarına. Həmin maşınlarla da 15-20 dəqiqəlik yolu 1 saata qət edirdik. Necə qət edirdik, bunu həmin yolu gedənlər yaxşı bilirlər. Artıq o günlər arxada qalıb.  Bu gün Şahbuz-Kükü yolu mənə Şahbuz-Naxçıvan yolunu xatırladır.  
Qeyd edək ki, müasir tələblər səviyyəsində yenidən qurulan Naxçıvan-Batabat magistralı-Ayrınc-Qızıl Qışlaq-Kükü avtomobil yolunda yenidənqurma işləri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” çərçivəsində həyata keçirilib. Yol əsaslı şəkildə yenidən qurulub, yol yatağı genişləndirilib, yeni asfalt örtük salınıb. 16 kilometr uzunluğundakı yolda 30 selötürücü, 97 suötürücü və 9 körpü tikilib.
Müsahibim bildirir  ki, bu yolun istifadəyə verilməsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkət etməsinə geniş imkanlar yaratmaqla yanaşı, yaşayış məntəqəsinin inkişafı baxımından da müstəsna əhəmiyyət daşıyır. Çünki yolun yenidən qurulması əlverişli iqlim şəraitinə, təbii bitki örtüyünə və təmiz havaya malik olan Kükü kəndinin turizm imkanlarını xeyli artıracaqdır.

Kükü məktəbinin köklü təhsil ənənələri daha uğurla davam etdiriləcək

Bunun səbəbi isə Kükü kənd tam orta məktəbi binasının yenidən qurulması, təhsil ocağında müasir iş şəraitinin yaradılması və məktəbin maddi-texniki bazasının gücləndirilməsidir. Yeni bina Kükünün girəcəyində yerləşir. Ona görə də kəndlə ilk tanışlığımız bu binadan başlayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Kükü kənd tam orta məktəbi binasının açılış mərasimində kollektivi təbrik edərək deyib: “Bu gün ölkəmizdə təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, təhsil ocaqları müasir tələblər səviyyəsində yenidən qurulur. Şəhər və rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərdə də məktəblərin təminatı, təhsil işçiləri qarşısında eyni tələblər qoyulur. Beynəlxalq statistika qurumlarının araşdırmalarına görə, Azərbaycan təhsilin inkişafında dünyada ilkin yerlərdədir. Bu, inkişaf etmiş ölkələrdəki səviyyə deməkdir. Ölkəmizin inkişafı, gələcəkdə də dünya dövlətləri içərisində öz layiqli yerini qoruyub saxlaması üçün təhsil bundan sonra da inkişaf etdirilməlidir”.
Məlumat üçün bildirək ki, Kükü kənd tam orta məktəbinin köklü təhsil ənənələri var. Bu gün ölkəmizin müxtəlif ali məktəblərində, elmi-tədqiqat institutlarında çalışan 1 akademik, 4 elmlər doktoru, 12 fəlsəfə doktoru orta təhsillərini bu məktəbdə alıblar. Təhsil ənənələri bu gün də yüksək səviyyədə qorunub saxlanılır. Elə ötən tədris  ilinin nəticələri də bunu deməyə əsas verir. Ötən tədris ilində məktəbi 21  məzun bitirib. Onlardan 13 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim edib. Məzunlardan 11-i ali məktəblərə, biri orta ixtisas məktəbinə, biri isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Ali məktəblərə qəbul olunan məzunlardan 3-ü 500-700 intervalında bal toplayıb.
198 şagird yerlik məktəb binası 2 mərtəbəlidir. Hazırda burada 107 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 27 müəllim məşğul olur. Məktəbdə 3-ü elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Kompüter otağında 19 kompüter quraşdırılaraq internetə qoşulub.
Məktəbin kitabxana fondunda 2969 latın qrafikalı dərslik və 1865 bədii ədəbiyyat olmaqla, 4834 kitab vardır.    
Açılış mərasimində Ali Məclisin Sədri pedaqoji kollektivə öz tövsiyələrini də verib: “Hər bir təhsil ocağının qarşısında duran ən mühüm vəzifə vətənpərvər və təhsilli gənclər hazırlamaqdır. Gənclərin gələcəkdə ölkəmizin idarə olunmasında, dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında yaxından iştirakı təmin olunmalıdır. Kükü kənd tam orta məktəbinin kollektivi öz işini bu istiqamətdə qurmalı, təhsilli və vətənpərvər gənclər  yetişdirməlidir”.

Yeni quruculuq ünvanları müxtəlif sahələrdə əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəldib

Kənd meydanında tikilən və həmin gün istifadəyə verilən Kükü Kənd Mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, mədəniyyət evi və 68 yerlik zal yerləşir.
Kənd kitabxanasında sakinlərin istifadəsinə 5629 kitab verilib. Dünya və Azərbaycan ədəbiyyatı klassiklərinin, həmçinin müasir ədəbiyyat nümayəndələrinin kitabları oxucu-kitabxana əlaqələrinin genişləndirilməsində mühüm vasitədir. Burada tez-tez maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Ucqar dağ kəndi sakinlərinin rabitə sistemindən istifadəsini yaxşılaşdırmaq məqsədilə kənd mərkəzindəki rabitə evində yerləşən 384 nömrəlik ATS kənddə 221 abonentə xidmət göstərir. Burada poçt məntəqəsi yaradılıb, gündəlik mətbuatın, eləcə də danışıq və internet kartlarının satışı təşkil olunub.
Binanın ikinci mərtəbəsində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün iş otaqları ayrılıb.
Kənddə istifadəyə verilən həkim ambulatoriyası 2 mərtəbədən, 11 otaqdan ibarətdir. Burada müasir səhiyyə avadanlığı ilə təmin olunmuş stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, aptek, həkim, mama və manipulyasiya otaqları vardır.
Kənd adamlarına daha bir qayğı yaşayış məntəqəsində yeni xidmət mərkəzinin istifadəyə verilməsidir. Burada bərbərxana, gözəllik salonu, ət satışı dükanı, ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza fəaliyyət göstərir.
Onu da bildirək ki, bütün obyektlərdə fərdi qazanxana sistemi quraşdırılıb, həmin obyektlərin yerləşdikləri ərazilərdə abadlıq işləri aparılıb.

Kükülülər bu günün qədrini bildikləri kimi, kəndin dünənki tarixini də unutmurlar

Yol yoldaşım Ş.Nəbiyeva bununla bağlı kəndin ən yaşlı sakinlərindən biri, hazırda təqaüddə olan, təkcə kənddə və rayonda deyil, hətta muxtar respublikanın ziyalıları arasında tanınan Azərbaycan Respublikasının əməkdar müəllimi Quşdan Qəhrəmanovla görüşməyi məsləhət görür. Bu el ağsaqqalı və ziyalısı ilə evində görüşürük. Çay süfrəsi arxasında söhbət edirik. Ürəyinin sözlə dolu olduğunu hiss etmək çətin deyil. 60 ilə yaxın bir müddət ərzində kənd məktəbində tarix müəllimi işləmiş Quşdan Qəhrəmanov bu gün kənddə yaradılan infrastruktura görə bir ağsaqqal kimi həmyerliləri adından dövlətimizə minnətdarlığını bildirir. Belə qayğıya kükülülərin əməli işlə cavab verəcəklərinə əminliyini ifadə edir. Bu maraqlı müsahibdən Kükünün ulu tarixi barədə soruşuruq. Ayağa qalxaraq evin küncündəki kitab rəfindən bir neçə kitab gətirir. Bəzi səhifələri vərəqləyir, yaddaşını “işə salır”:
– İndiki kəndin ərazisində və bura yaxın sahədə aşkar edilən maddi-mədəniyyət nümunələri Kükünün qədim tarixə malik yaşayış yeri olduğundan soraq verən ən zəngin mənbələrdir. Bunlardan birini şərti olaraq “Kükü-I” yaşayış yeri adlandırmaq olar. Bu ərazi kəşfiyyat xarakterli tədqiqatlar zamanı kəndin girəcəyində – Küküçayın sağ sahilində aşkarlanıb. İki hündür təpəni əhatə edən yaşayış yerinin sahəsi 75 hektardır. Yaşayış yerinin bəzi hissələrində mədəni təbəqə dağılıb, bəzi yerlərdə uçulub-tökülmüş daş yığınları var. Binalar sahənin relyefinə uyğun tikilib. Ərazidən küpə, kasa qırıqları tapılıb. Yaşayış yerinin şimal hissəsində qəbirlər aşkar edilib. Lakin torpaq işləri görülərkən qəbirlərin yeri tamamilə dağıdılıb. Buradan toplanılan materialların eradan əvvəl II-I minilliklərə aid olduğu ehtimal edilir.
Daha bir arxeoloji abidə Kükü-II yaşayış yeridir. Arxeoloji abidənin İlk Dəmir dövrünə aid olduğu ehtimal edilir. Bu yaşayış sahəsi də hündür təpə üzərindədir, lakin hər tərəfdən dərə ilə əhatələnib. 6400 kvadratmetr ərazisi olan yaşayış yerində bina qalıqlarına rast gəlinir. İri daşlardan tikilmiş binaların qalıqlarına əsasən demək olar ki, onlar dördbucaqlı formada olublar. Otaqların sahəsi 30-35 kvadratmetrə çatıb. Buradan da qab qırıqları tapılıb, Küküçayın sağ sahilində isə qaval daşına təsadüf olunub.
Quşdan müəllim deyir ki, kəndin tarixi ilə bağlı daha bir abidə Tunc dövrünə aiddir. Bu nekropoldan da qədim qəbirlər tapılıb. Qəbirlərin birində monoxrom boyalı küpə və boz rəngli qablar, iribuynuzlu heyvan sümükləri aşkar edilib. Bəzi yerlərdə nazik kül təbəqəsinə və iri daşlara təsadüf olunub. Qəbrin dərinliyi 3 metrə çatır. Digər bir qəbir tamamilə dağıdılıb. Nisbətən salamat qalan hissəsi o biri qəbirlə eyni istiqamətdə olub. Buradan tunc nizə ucluğu və tunc sancaqlar əldə edilib.
Quşdan Qəhrəmanov Kükünün tarixi ilə bağlı verdiyi qısa məlumatı daha dərinləşdirmək məqsədilə muxtar respublikamızda aparılan arxeoloji tədqiqatlara rəhbərlik edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Baxşəliyevə müraciət etməyi məsləhət bildi.
Kənddən qayıdandan sonra Vəli müəllimlə görüşdük və onunla da həmsöhbət olduq. Bildirdi ki, Naxçıvan Arxeoloji Ekspedisiyası Dərələyəz silsiləsinin ən yüksək zirvəsi olan Küküdağ yaylaqlarında və ora yaxın ərazilərdə eradan əvvəl üçüncü minillikdən başlayaraq erkən orta əsrlərə qədər bir çox qədim abidələr qeydə alıb. Qədim yaşayış yerlərinin və qəbir abidələrinin topoqrafiyası bu ərazilərdə bütün dövrlərdə həyatın davam etdiyini göstərir. Kükü kəndi bunun canlı nümunəsidir.
Daha bir təqaüdçü müəllim İsa Rəcəbov isə tarixən bu kənddə Bahadurlular, Qəhrəman uşağı, Uluzlular, Qarabbalılar, Muradlı, Məmmədrzalılar, Bağırlılar və başqa tayfaların yaşadığını, onların adlarına məhəllələr və bulaqlar olduğunu dilə gətirir. Deyir ki, bu gün Keçəldağın, Səfərbəy səngərinin, Yal deminin, Sarı qayanın, Burcalı daşının, Qala dibinin, Qabaqlının və başqa dağların əhatəyə aldığı bu yurd yerində yüzdən artıq bulaq var. Pünhan bulaq, Südlü bulaq, Xan bulağı, Kəlbərzaqulu bulağı, Gur bulaq, Qənbər bulağı, Məmi bulağı, Qiblə bulağı il boyu dişgöynədən sularını kükülülərdən əsirgəmir. Təkcə “Qırxbulaq” adlanan yerdən 40 bulaq çağlayır. Su, çeşmə, bulaq həmişə təmizlik sevib. Bu həyat həqiqətini kükülülərin dərindən dərk etməyinin nəticəsidir ki, həmin su mənbələrini dədə-baba əmanəti, qiymətli sərvət kimi qoruyurlar.
Daha bir el ağsaqqalı Xeybər Cabbarovla da evində görüşürük. Uzun müddət kənd məktəbində pedaqoji fəaliyyət göstərən, hazırda təqaüddə olan Xeybər müəllim doğma yaşayış məntəqəsində həyata keçirilən quruculuq tədbirlərindən xeyli razılıqla danışır. Bunu kükülülərə böyük dövlət qayğısının ifadəsi kimi qiymətləndirir. Həmsöhbətimizdən Küküdəki adət və ənənələr haqqında soruşuruq. Bildirir ki, xalqımıza məxsus olan adət və ənənələrin hamısına kənddə ehkam kimi yanaşılır. Toylarda qara zurna, saz öz yerini saxlamaqdadır. Sağ olsun, aşıq Fərrux Nəbiyevi. Kükü toylarının heç biri onsuz keçməyib. İndi bir qədər yaşlaşsa da, arxayındır ki, övladları bu sənətə yiyələniblər. Xeybər müəllim deyir ki, muxtar respublikamızın çox yerlərində, çox toylarında olub. Ancaq bu gün Küküdə yaşanan papaqaparma adətinə təkcə Culfa rayonunun Boyəhməd kəndində rast gəlib. Sevinir ki, bu gün kükülü gənclər qədim adət-ənənələrimizə ehtiramla yanaşırlar. Bu da o deməkdir ki, milli dəyərlərimiz gələcək nəsillərə də olduğu kimi ötürüləcək.
Məlumat üçün bildirək ki, uzun­ömürlülər yurdu hesab etdiyimiz Kükü kəndinin dağları həm də sayı-hesabı bilinməyən qantəpər, baldırğan, kəklikotu, bağayarpağı, qırxbuğum, dağ nanəsi, solmaz çiçəyi, boymadərən, andız, quzuqulağı, dəvədabanı, gicitkən,  əvəlik, diyçə, çiriş və başqa müalicəvi əhəmiyyətli bitkilərlə məşhurdur. Kükülülərin uzunömürlülüyünün səbəbi kəndin təmiz havası, suyu, müalicəvi bitkiləri, insanların bu nemətlərdən yetərincə istifadə etmələridir. Bu gün kənddə yaşı 70-i ötən 60-dan yuxarı sakin yaşayır. Onların ən yaşlısı 1910-cu il təvəllüdlü Bəyim Əliyevadır. Onunla da görüşüb – Kükünün bu gününü necə görür? – sualını verdik:
– Kəndi belə görəndə bir az da  yaşamaq istəyirəm. Çünki yaşamalı dövrandır. Bu uzaq dağların ətəyində belə gün-güzəran yaratmaq ən savab işdir. Ulu Tanrıdan   kəndimizə, Kükünün camaatına bu qədər yaxşılıq edən, adamların qayğısına qalan rəhbərə uzun ömür, cansağlığı arzulayırıq. Tanrı onu qorusun ki, abadlaşmayan kəndlərimiz də Kükü kimi yeniləşsin, adamların rahatlığı təmin olunsun.
Bəyim nənənin bu arzusu ilə kənddən və oxuculardan ayrılırıq. Gələn görüşə qədər!

Muxtar MƏMMƏDOV