Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, onların biliklərinin artırılması məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

İşəgötürənlərin müraciətlərini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının və Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin tabeliyində olan istehsal və tikinti sahələrində əməyin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində işçilərin biliklərinin artırılması məqsədilə seminarlar keçirilib.
Seminar iştirakçılarına müəssisələrdə əmək qanunvericiliyinin tələblərinə, əməyin mühafizəsinin normaları və qaydalarına əməl edilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadə olunması, iş yerlərində işçilərin sağlamlığına mənfi təsir göstərən, peşə xəstəliyinə zəmin yaradan amillər haqqında, habelə baş verən bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından işçilərin icbari sığortalanması ilə bağlı  məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda seminar iştirakçılarına əməyin mühafizəsinə dair yaddaş kitabçaları təqdim edilib.
Hazırda belə tədbirlər muxtar respublikanın digər istehsal və tikinti müəssisələrində davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti