Muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı istiqamətində davamlı şəkildə sistemli tədbirlər həyata keçirilir, istehsalın genişləndirilməsi, əhali məşğulluğunun artırılması, ailə biznesinin qurulması diqqət mərkəzində saxlanılır. Ötən dövrdə bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrasına uyğun olaraq Ailə Təsərrüfatları İctimai Birliyi yaradılıb, diyarımızda bu mütərəqqi təsərrüfat forması ilə məşğul olan şəxslərə ətraflı informasiyalar verilib, maddi dəstək göstərilib.

Dövlət dəstəyi nəticəsində ailə təsərrüfatları məhsullarının qablaşdırma və dizaynlarının tərtib edilməsi, onların taralarla təchizatı məhsulun bazara və istehlakçılara marketinq qaydalarına uyğun olaraq çatdırılmasına imkan verib.
2020-ci il muxtar respublikada “İxrac ili” elan edilib, bu məqsədlə Ali Məclis Sədrinin 2020-ci il 6 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər planında nəzərdə tutulan işlərin icrası ilə əlaqədar davamlı olaraq ailə təsərrüfatları ilə aparılan müəyyən təşviq işlərində istehlak bazarının tələbləri öyrənilir, ixracyönümlü məhsulların dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilir.
Müşahidələr göstərir ki, müxtəlif bitki toxumlarından alınan yağlara bazarda tələbat böyükdür. Bu istiqamətdə Naxçıvan şəhərində bitki toxumlarından hazırlanan yağların istehsalını həyata keçirən yeni ailə təsərrüfatı fəaliyyətə başlayıb. Ailə təsərrüfatının üzvü Nəsib Cəfərli bildirdi ki, ilkin olaraq burada bir sıra xəstəliklərin müalicəsində effektiv nəticələr verən çörəkotu və küncüd yağları istehsal ediləcək. Gələcəkdə bazarın tələbinə uyğun olaraq məhsul çeşidinin artırılması, zeytun, çaytikanı və digər şəfaverici bitki yağlarının istehsalı nəzərdə tutulur.
Qeyd edək ki, yeni bitki toxumlarından yağların istehsalı sahəsində quraşdırılan avadanlıqlar Almaniya istehsalıdır, xammal isə İran İslam və Türkiyə respublikalarından gətirilir. Gələcəkdə xammalın da muxtar respublikamızda istehsalı nəzərdə tutulur.

- Nail ƏSGƏROV