Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir və bu baxımda son illər ərzində muxtar respublikada işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər 2020-ci ildə də diqqətdə saxlanılır. Görülən tədbirlərin nəticəsində 2020-ci ilin yanvar-may aylarında orta aylıq əməkhaqqının məbləği 520 manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövründəki göstəricidən 18,2 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

Məşğulluğun təmin olunması istiqamətində görülən işlər ardıcıl xarakter alıb, 2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 638 yeni iş yeri yaradılıb. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunmuş peşə hazırlığı və ixtisasartırma kurslarına 120 nəfər cəlb edilib və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 849 nəfər müxtəlif peşələrə yiyələnib. Bundan əlavə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsabiqədə iştirak edərək uğur qazanmış 62, ehtiyat kadrlar siyahısından 2 nəfər olmaqla, ümumilikdə, 64 nəfər aidiyyəti dövlət orqanları tərəfindən dövlət qulluğu vəzifələrinə təyin olunub. Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə 65, dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə isə 8 nəfər müvafiq vəzifələri tutub.

Görülən işlər belə deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına və əhalinin işlə təminatına əsaslı zəmin yaradıb.

Xəbərlər şöbəsi