Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat Nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən sahibkarlar, işəgötürənlərlə maarifləndirici görüşlər keçirilir, onlara qanunvericiliyin müvafiq tələbləri izah olunur, bu mövzuda onları maraqlandıran suallar cavablandırılır. Bu tədbirlərin davamı olaraq, növbəti görüş iyulun 22-də onlayn formatda keçirilib.
İşəgötürən müəssisələrlə sosial tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə keçirilən tədbirdə Naxçıvan şəhərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri və nazirliklərin əməkdaşları iştirak edib.

Onlayn görüşdə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı insan kapitalının inkişafı, o cümlədən iqtisadi fəallığın yüksəldilməsi, həyata keçirilən məşğulluq siyasətinin səmərəliliyinin artırılması, işəgötürənlərin əsas maraqlarının, həmçinin əmək bazarının əsas sahələri və peşə hazırlığının əmək bazarının tələbinə uyğunlaşdırılması məqsədilə işəgötürənlərə müvafiq kadrların hazırlanmasında köməklik göstərilməsi, işəgötürənlərlə məşğulluq orqanları arasında səmərəli əlaqələrin təşkili ilə bağlı müzakirələr aparılıb və sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Bu kimi tədbirlərin, gələcəkdə də davam etdirilməsi nəzərdə ­tutulub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin

Sosial MüdafiəNazirliyinin mətbuat xidməti