Ana təbiətin əsas qoruyucu vasitələrindən biri də yaşıllıqların mühafizəsi və artırılmasıdır. Yaşıllıqlar ekoloji mühitin tarazlığının saxlanılması ilə yanaşı, həm də sağlamlıq mənbəyi rolunu oynayır. Ona görə də Naxçıvan Muxtar Respublikasında bu sahədə həyata keçirilən tədbirlər ekoloji tarazlığın pozulmasının qarşısının alınması, təbii sərvətlərimizin qorunub saxlanması kimi ümumbəşəri əhəmiyyət daşıyır.

Muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Kəngərli rayonunda da yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə xüsusi diqqət yetirilir, bu tədbirlər zamanı uzun müddət istifadə olunmayan torpaq sahələrində yeni meyvə bağları və yaşıllıq sahələri salınır. Ötən dövr ərzində salınan meşə zolaqları, yaşıllıqlar, al-əlvan gülkarlıqlar, yeni meyvə bağları rayonun simasına yeni naxışlar əlavə edir. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də yaşıllaşdırma tədbirləri uğurla davam etdirilməkdədir. Kəngərli Rayon Statistika İdarəsindən verilən məlumata görə, təkcə cari ildə yaşıllaşdırma aylıqları çərçivəsində rayonda 6,3 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, ümumilikdə, rayonun müxtəlif yerlərində 2 min 900 meyvə, o cümlədən 800 badam, 1300 tut tingi, 300 çinar, 200 meşə ağacı, 1250 həmişəyaşıl ağac, 800 qızılgül kolu əkilib.
Qeyd edək ki, həyata keçirilən yaşıllaşdırma tədbirlərində rayonun dövlət qurumlarının kollektivləri ilə yanaşı, sadə vətəndaşlar da yaxından iştirak ediblər. Bu isə vətəndaş həmrəyliyini ortaya qoymaqla bərabər, insanlarda ekoloji təfəkkürün formalaşmasında, ümumi evimiz olan ana təbiətə qayğı göstərilməsində böyük rol oynayır.


Babək İSMAYILOV