Oktyabrın 17-də Naxçıvan Biznes Mərkəzində Yoxsulluqla Beynəlxalq Mübarizə Günü münasibətilə tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov açaraq muxtar respublikada yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Vurğulanıb ki, sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması muxtar respublikada iqtisadiyyatın davamlı və tarazlı inkişafını sürətləndirib.  İqtisadi tərəqqinin əsas təməl prinsiplərindən olan sahibkarlıq mühitinin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, fəaliyyət sahəsindən asılı olmayaraq, güzəştli kreditlərin verilməsi həyata keçirilib. Görülən işlərin nəticəsində muxtar respublikada Ümumi Daxili Məhsulun həcminin dinamik artımına zəmin yaranıb, yeni iş yerlərinin açılmasına nail olunub.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxışında  qeyd edib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluğun tamamilə aradan qaldırılması sosial siyasətin  prioritet istiqaməti olaraq daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirlər nəticəsində son 10 ildə muxtar respublikada əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 55,1 dəfə artıb. Qeyd olunan dövrdə muxtar respublikada 58 min 460 yeni iş yeri yaradılıb, nəticədə, əhalinin gəlirləri 9,5 dəfə artıb, işsizliyin səviyyəsi isə sıfra enib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın ləğvində iştirak edərək sağlamlığını itirən və 1941-1945-ci illər müharibəsi əlillərinə 297 minik avtomobili verilib, 147 əlil və şəhid ailələri fərdi yaşayış evləri ilə, 3068 məhdud fiziki imkanlı şəxs isə müxtəlif texniki reabilitasiya vasitələrilə təmin olunub.
“Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Seyfəddin Rəhimov dövlətin sahibkarlıq subyektlərinə göstərdiyi dəstəkdən danışıb, əhalinin məşğulluq problemlərinin həllində bu subyektlərin rolundan bəhs edib.
Tədbirə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov yekun vurub.
Sonda yerli istehsal məhsulları nümunələrindən və əl işlərindən ibarət sərgiyə baxış olub.

Xəbərlər şöbəsi