Dövlət rəmzləri milli dövlətçiliyin, istiqlaliyyətin mövcudluğunu, xalqın keçmişini və gələcəyə yönəlmiş ən ülvi arzularını ifadə edir. Odur ki, hər bir vətəndaş dövlət rəmzlərinin yaranma tarixini, daşıdığı mənanı yaxşı bilməli, onları qorumalı, təbliğ etməli və aşıladığı ideyaları yaşatmalıdır. Bu baxımdan bayraq da xüsusi önəm kəsb edir.

Naxçıvan-Sədərək magistral yolunun sağ tərəfində Bayraq Meydanının tikintisinə başlanılması bu dövlət rəmzinə ehtiramın ifadəsidir. Sədərək rayonunun görkəmli yerində yüksələn üçrəngli bayrağımız dalğalanaraq, bir addımlığımızda yerləşən düşmənə gözdağı olacaq. Bildiyimiz kimi, bu yol həm də Qərbə açılan qapımızdır. Buradan gəlib-gedən hər bir yerli və əcnəbi sakin bayrağımızın vüqarla dalğalanmasını seyr edəcək.
Tikinti işləri uzunluğu 80, eni 80 metr olan ərazidə aparılır. Bayraq dirəyinin hündürlüyü 36,70 metr olacaq.
Qeyd edək ki, hazırda Şərur rayonunda da inşa edilməkdə olan Bayraq Meydanı muxtar respublikada beşinci eyniadlı obyektdir.

* * *

Sədərək rayonunda davam etdirilən tikinti sahələrindən biri də rayon ərazisində yerləşən Radio-televiziya verilişləri stansiyasıdır. Burada qurulacaq bina müasir üslubda olacaq. Bina ikimərtəbəli, 6 iş otağından, qazanxana, elektrik otağı və texniki otaqdan ibarət olacaq. İnşaat işləri yekunlaşdıqdan sonra binada yeni avadanlıqlar quraşdırılacaq. Beləliklə, həm işçilərin iş şəraiti, həm də müasir avadanlıqlarla teleradio verilişlərinin ötürülmə keyfiyyəti artacaq.
Burada olarkən öyrəndik ki, aparılan inşaat işləri sürətləndirilib, hazırda daxili və xarici divarlarda suvaq işləri tamamlanmaq üzrədir. Binanın fəsad hissəsində travertin daşları ilə üzləmə işləri görülür.

Gülnarə HÜSEYNOVA