Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” xalçaçılıq ənənələrinin dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açmışdır.

Sərəncamın icrası çərçivəsində milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin olunması istiqamətində bir sıra təşkilati işlər görülmüş, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında milli ornamentlər əsasında müasir bədii-estetik zövqü oxşayan müxtəlif ölçülərdə xalçalar toxunmuş və satışı həyata keçirilmişdir. Xalçaçılıq emalatxanasında təcrübəli xalçaçılarla yanaşı, gənclər də işə cəlb olunmuşdur. Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Xalq Yaradıcılığı Emalatxanasının xalçaçılıq bölməsində kurs təşkil olunmuş və 7 müdavimə xalçaçılıq sənətinin sirləri öyrədilmişdir. Kursu müvəffəqiyyətlə bitirən müdavimlərə müvafiq sertifikatlar təqdim olunmuşdur.
Bu cür tədbirlərin təşkili xalçaçılıq sənətinin inkişafı, gələcək nəsillərə ötürülməsi, gənclərdə bu sənətə marağın artırılması, Naxçıvan çeşnilərinin və ornamentlərinin qorunmasında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, əhalinin, xüsusilə də qadınların məşğulluğunun təmin olunmasına böyük tövhə verir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti