Muxtar respublikada sosial müdafiə sahəsində modern və çevik idarəetmənin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda və onun yerli orqanlarında müasir standartlara uyğun iş yerləri yaradılıb, vətəndaşlara göstərilən xidmət müasir səviyyədə qurulub. Bunun nəticəsidir ki, hər ay olduğu kimi, iyul ayında da əmək pensiyalarının maliyyələşdirilməsi vaxtında başa çatdırılıb. Təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsilə pensiyaçılara çatdırılıb. Kəndlərdə yaşayan əmək pensiyaçıları isə pensiyalarını yaşadığı məntəqədən kənara getmədən ərazidə yerləşən poçt bölmələri vasitəsilə də rahatlıqla əldə ediblər. Eyni zamanda əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər davam etdirilir.

Fond qanunvericiliklə müəyyən olunan məbləğlərdə daxil olan məcburi dövlət sosial sığortahaqqı hesabına pensiya və müavinətləri maliyyələşdirir. Muxtar respublikada daxil olan məcburi dövlət sosial sığortahaqqının məbləği ildən-ilə artmaqdadır. Bunun əsas səbəbi burada iqtisadi inkişafın dinamik artımı, yeni iş yerlərinin yaradılması, həmçinin sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artmasıdır. Bunun nəticəsində isə pensiya və müavinətlərin maliyyələşdirilməsində daxil olan məcburi dövlət sosial sığortahaqqı əsas mənbəyə çevrilib.
Fond əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən tədbirlərin icrası ilə bağlı müvafiq işləri həyata keçirməyə davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti