Hər zaman ölkədə ilklərin yaşandığı , bütün yaxşı nümunələrin birincisinin həyata keçdiyi Cahanın-nəqşi-Naxçıvanda artıq sadə, qeyri-adi toyun da təməli qoyuldu. Daha öncə israfsız yas, sadə məzarüstü abidə, universitet və məktəblərdə sadə vahid geyim forması, bütün maqistiral yolların kənarlarında meyvə bağlarının salınması və yetişən meyvələrin tədarük edilib ordu və birliklərə göndərilməsi və s. kimi vacib məsələlərdə bütün ölkədə nümunə olan Naxçıvan bu dəfə bir-birini sevən iki gəncin sadə, təmtəraqsız toyunun xəbərilə bütün ölkədə təqdir edildi. Sərt karantin rejimi çərçivəsində toy mərasiminin kütləvi şəkildə keçirilməsi qadağan edildiyindən gənclər dəbdəbəli toy əvəzinə sadə nigah ilə ailə qurmağa üstünlük veriblər. Nigah mərasimində yalnız yaxın  ailə üzvüləri iştirak edib.

 Hər kəsin bəyəndiyi, bütün ölkəyə səs salan Naxçıvan Muxtar Respublikasının  Şərur rayonunun Dizə kəndində, Vəliyevlər ailəsində baş tutan  qeyri-adi və sadə toyun səbəbkarları – gənc cütlüklə həmsöhbət olduq.

Cavid Vəliyevin  dedikləri

– Bayram ərəfəsində valideynlərimizi, nənə-babamızı ziyarət etmək üçün Naxçıvana gəlmişdik.  Qısa müddət sonra yaranan vəziyyətlə bağlı  təyyarə reysləri də dayandırıldı və üç aydan artıq müddətdir ki,  Naxçıvandayıq. Valideynlərimiz  bizə toy edəcək günü səbirsizliklə gözləyirdilər. Amma ölkədə pandemiyanın olması, kütləvi toyların təxirə salınması  bir çox gənc kimi bizim də toyumuzun  təxirə düşməsinə səbəb oldu.  Babamın  məsləhəti ilə  belə bir qərara gəlik ki, yalnız valideynlərimizin iştirakı ilə sadə bir nigahla ailə quraq. Babam demişkən, həm ziyarət həm ticarət.  Valideynlərimiz  bu  istəyimizi çox yaxşı qarşıladı və arzumuzun reallaşmasına vasitəçi oldular.  Şərur rayonunun ən gözəl məkanlarından biri olan Arpaçay sahilində yalnız valideynlərimizin iştirakı ilə nigah bağladıq.Nə  valideynlərimiz, nə də qohum-əqrabalarını xərcə salmadıq. Doğmalarımızlada  telefonla  bizə xoşbəxtlik arzuladı.

Cütlüyün nənəsi yaşı 70 –i  ötmüş Zəhra nənə deyir ki, əvvəllər bəbdəbə ilə toy edən yox idi bir-birini sevən iki gəncin xoşbəxt olması, firavan ömür sürməsi üçün sadə toy və nikah da kifayət edər.. Keçmişdə toylarımız çox sadə olub.  Qohum-əqraba toplaşıb, gənc ailə üçün ən vacib əşya, geyim və yatacaq dəstləri hazırlayar, toya hədiyyə gətirərdi.Oğlan evi qız evinə bir quzu verərdi vəssəlam. Gəlin paltarı da çox sadə idi cehizlk də.   Onda indiki kimi toya haradan alıb pul (nəmər) yazdırmaq, toy geyimi, toy bəzəyi kimi çox xərc tələb edən problemləri də olmurdu.Qurulan ailələrin ömrü də daha  uzun olurdu.

Gənc cütlüyün yaxın qohumu  Apoş Vəliyev:

– Azərbaycan xalq yaradıcılığının ən zəngin qollarından birini Naxçıvan folkloru təşkil edir. Kiçik Qafqazın cənub qərbində yerləşən bu dağlıq bölgədə min illərdən bəridir ki, burada yaşayanlar özünün bənzərsiz şifahi söz sənətini yaradır, nəsildən-nəslə keçən qədim adət-ənənələrini, mərasimlərini yaşadır. Naxçıvanın toy adətləri mərasimlər içərisində özünəməxsus xüsusiyyətləri ilə seçilir. Bu  toylar Naxçıvanın tarixi keçmişindən, mənəvi mədəniyyətimizin inkişafinda kəsb etdiyi əhəmiyyətindən soraq verir. Toy “cəmiyyətin hüceyrəsi olan ailənin” yaranması üçün təşkil olunan şənlik mərasimidir. Cəmiyyət inkişaf etdikcə adət-ənənələr, vərdişlər, xarakterlər dəyişir, yenilənir, inkişaf edir. Naxçıvan folklorunda toy mərasiminin başlanmasına qədər aparılan hazırlıq işləri yeni qurulan ailənin təməlinin möhkəm olmasına dəlalət edir. Təəssüflər olsun ki, müasir dövrümüzdə qədim adət-ənənələr, illərdən bəri nəsildən-nəslə ötürülərək indiki dövrə qədər gəlib çatan milli mənəvi dəyərlərimiz unudulmaq üzrədir. Keçmişdə baş tutan xərcsiz, sadə toyların yerini indi təmtəraqlı, cah-cəlallı toylar tutur. Gəlinlik, gəlinin bəzəyi, gəlin çiçəyi, gəlin maşını, gəlinin qizil-zinət əşyaları, başlıq pulu, “ciyərqapma” mərasimi, şadlıq evinin xərci və digər yüksək məbləğ tələb edən xərclər günümüzdə oğlan evini, cehizlik pulu, xınayaxdı mərasimi isə qız evini narahat edən, bir çox hallarda borca salan, böyük miqdarda kreditlər almağa vadar edən problemlərdəndir. Bir çox hallarda “qonşudan dala qalmamaq” prinsipilə edilən təmtəraqlı toydan sonra yeni evlənən cütlüklər, onların ailə üzvləri illərlə borc ödəməli olur. Borclar isə sonrakı dövrlərdə  ailədə narazılıqlara səbəb olur. Halbuki, bir toya getmək indiki dövrdə ən azından 300-400 manata başa gəlir ki, bu da sonradan qohumlararası narazılıqlara, ailələri müflisləşməyə aparır. Təcrübələr göstərir ki, keçmişdə sadə toy edən cütlüklərin ailəsinin ömrü indikilərdən qat-qat çox olurdu. 400-500 nəfərin səs-küyü, toyda baş verən dava-qalmaqallar, yüksək musiqi səsi, cürbəcür yeməklər, bir neçə saatlıq ifa etmək üçün yüksək miqdarda pul tələb edən müğənnilər, rəqs qrupları və klounlar olmadan da toy etmək olmazmı? Əlbəttə olar.Bu cütlük bu gün bu davranışları ilə diğər gənclərə nümunə olmaqla yanaşı cəmiyyətimizdə belə bir fikir də yaratdılar ki, xoşbəxtlik alla şalla yox sadəliklə olur.

Gəlinin sadə ağ geyimi, bəzəyinin, çiçəyinin təbii və sadəliyi onların  foto şəkillərinə baxan hər kəsdə bu cütlüyə rəğbət oyadır, hər kəs bu sadə toyu təqdir edir. Yeni ailə quran cütlük sübut etdi ki, əsl sevgi varsa, təmtəraqsız, cah-cəlalsız  xoşbəxt olmaq olar. Bu toyun keçmişimizə qayıdış, adət-ənənələrimizin bərpası, sadə və təmtəraqsız toyların başlanğıcı olması diləyilə, bütün ölkə gənclərinə nümunə olan Cavid və Çinarənin bir ömür boyu xoşbəxt olmasını, firavan yaşamasını arzu edirik.

Ramiyyə ƏKBƏROVA