Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu təmin edilib.

Müvafiq Dövlət proqramının icrası ilə əlaqədar, ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil olunub, boş iş yerlərinin toplanması təmin edilib. Görülən bu işlərlə yanaşı, muxtar respublikada işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili də diqqət mərkəzində saxlanılır. Bu məqsədlə iyun ayının 5-də Sədərək rayonunda keçirilən əmək yarmarkasına 2-si dövlət, 4-ü isə özəl sektordan olmaqla, ümumilikdə, 6 müəssisədən 73 boş iş yeri çıxarılıb. Tədbirdə 12 nəfərə işə göndəriş verilib, 4 nəfər isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyata alınıb.
Qeyd edək ki, növbəti əmək yarmarkası iyunun 9-da Kəngərli rayonunda təşkil olunacaq.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti