1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər həyata keçirilib. Belə ki, komitənin, müvafiq şəhər və rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri, Şərur, Kəngərli, Sədərək, Babək, Ordubad, Şahbuz, Culfa rayonlarında yaşayan valideyn himayəsindən məhrum, tək valideynli, sağlamlıq imkanları məhdud, aztəminatlı 32 uşağın ailəsində görüş olub. Bu uşaqlardan 14-ü valideyn himayəsindən məhrum, 7-si tək valideynli, 5-i aztəminatlı, 6-sı sağlamlıq imkanları məhduddur.
Uşaqlarla görüş zamanı adıçəkilən təşkilatların nümayəndələri bildiriblər ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının, eləcə də tərbiyələrinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Çıxışçılar uşaqları bayram münasibətilə təbrik edib, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulayıblar.

Qeyd edək ki, həmin görüşlərdə uşaqlara ərzaq payı, ehtiyaclarına uyğun geyim dəsti və tibbi ləvazimat verilib.
Uşaqlar, onların ailə üzvləri, himayədarları və qəyyumları dövlətimiz tərəfindən göstərilən qayğını yüksək qiymətləndirərək minnətdarlıqlarını bildiriblər.

* * *

Dünən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində tədbir keçirilib, valideyn himayəsindən məhrum 5 uşağa bayram hədiyyələri ­verilib.
Qeyd edək ki, keçirilən görüşlər mövcud vəziyyətlə əlaqədar sosial izolyasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti