Uşaqlar hər bir xalqın, dövlətin ən qiymətli sərvəti, gələcəyi,  hər evin, ailənin bəzəyidirlər. Elə buna görə də tarixboyu hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ümummilli liderimiz  Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirmiş, həmin vaxt səhiyyə, mədəniyyət, təhsil ocaqlarının, məktəbdənkənar müəssisələrin şəbəkəsinin genişləndirilməsi uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına öz təsirini göstərmişdir. 

Görkəmli dövlət xadimi deyirdi: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.
Sevindirici haldır ki, bu gün muxtar respublikamızda uşaqlar üçün yaradılan şərait nümunə göstəriləcək səviyyədədir. 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində istedadları ilə seçilən bir neçə uşaqla həmsöhbət olduq.
Şərur rayon Oğlanqala kənd sakini Fədayə Hüseynova karate-do idman növü ilə məşğuldur. Ailədəki iki qız övladın kiçiyi olan Fədayənin idmana sevgisi uşaqlıq illərindən yaranıb. Fədayə deyir ki, atasının idmanla mütəmadi məşğul olması hələ kiçik yaşlarından onda da bu sahəyə maraq yaradıb. Dərslərinə həvəslə yanaşan kiçikyaşlı bu çevik və cəsur qızın arzusu gələcəkdə bu idman növü üzrə respublikamızı təmsil etmək, bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməkdir. O, böyüyəndə müəllim olmaq istəyir.

Beş yaşından başlayaraq idmanla məşğul olan Fədayə onu da bildirir ki, qazandığım uğurlarda atamla bərabər müəllimimin də zəhməti çoxdur. Onların köməyi olmasa, heç bir uğur qazana bilməzdim. Birinci sinfə gedəndə ilk müəllimimiz əlimizdən tutub yazmağı, oxumağı necə öyrədirsə, karatenin sirlərini də bu ixtisas müəllimi öyrədir. Karateni öyrənməyə başlayanda bir az çəkinsəm də, atamın və müəllimimin köməyi ilə bütün çətinliklərin öhdəsindən gəldim. Yaxşı bir idmançı olmaq, böyük uğurlar qazanmaq üçün zəhmət çəkmək, iradəli olmaq lazım gəldiyini öyrəndim.
Onu da deyim ki, bu balaca qızın uğurları da az deyil. O, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr edilmiş oğlan və qızlar arasında karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyində 10-11 yaş qrupunda 35 kiloqram çəki dərəcəsi üzrə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə qızlardan ibarət “Naxçıvan”, “Şərur” və “Ordubad” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşündə 3-cü, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən “Naxçıvan Open” Beynəlxalq turnirində isə birinci yerə layiq görülüb.
Kamal Qafarov Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin VIII sinif şagirdi, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Robotexnika dərnəyinin üzvüdür. Kamal deyir ki, uşaq yaşlarından bu sənətə marağı olub. Ona alınan oyuncaqlara baxaraq yenilərini qurmağa çalışıb və bu maraqlı sahəyə həvəsi günü-gündən artıb. Eşidəndə ki, adıçəkilən mərkəzdə Robotexnika dərnəyi fəaliyyət göstərir, o da bu dərnəyə üzv olmaq üçün müraciət edib. Məşğələlərə başladığı ilk günlərdən Kamal qabiliyyət və bacarığı ilə seçilib. Müxtəlif əl işləri yaradıb. Bu işlər sırasında yükdaşıyıcı, zəka kubiki quran, xətt izləyən robotlar diqqətimizi cəlb edir. Bu əl işləri 2020-ci ildə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan “İstedadlı şagirdlər” adlı albom-kataloqda da yer alıb. Həmin əl işləri mərkəzdə təşkil olunmuş sərgidə nümayiş etdirilir. Hazırda Kamal ən böyük robotexnika yarışı olan Dünya Robot Olimpiadasının seçmə turuna hazırlaşır. O həm də dörd yaşından şahmatla məşğul olur, üçüncüdərəcəli şahmatçıdır və muxtar respublikada keçirilən yarışlarda iştirak edərək bir sıra uğurlar qazanıb.
Kamal oxuduğu məktəbdə də öz istedadı ilə seçilir. O, dərs əlaçısıdır və sınaq imtahanlarında 10-dan çox diploma layiq görülüb. Ötən il fizika fənni üzrə “Evrika” adlı yarışda birinci yeri tutub, Amerika Birləşmiş Ştatlarında onlayn keçirilən riyaziyyat olimpiadasında sertifikatla mükafatlandırılıb, Naxçıvan Muxtar Respublikası üzrə təşkil edilən riyaziyyat olimpiadasında birinci yerə layiq görülüb. Bu istedadlı yeniyetməmizin gələcək arzusu memar olmaqdır və bunun üçün çox çalışdığını deyir. O, yaradıcılıq mərkəzində Memarlıq-dizayn dərnəyinə də yazılıb. “Naxçıvan hotel” adlı layihə hazırlayıb və bu layihənin uğur qazanacağına inanır.
Anası Kəmalə Qafarova belə yeniyetmə və gənclərin istedad və bacarıqlarının üzə çıxmasına şərait yaratdığı üçün dövlətimizə minnətdarlığını bildirir.
4 ildir ki, sərbəst güləşlə məşğul olan Ələkbər Əsgərov muxtar respublika və şəhər birinciliklərində, eləcə də İran İslam Respublikasında təşkil olunan beynəlxalq turnirdə mükafatçılar sırasına düşməyi bacarıb. Azyaşlı güləşçimizin ən böyük arzusu isə ölkə birinciliyinin qalibi olub, Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etməkdir: “Güləşi seçməyimin əsas səbəbi atamın da bu idman növü ilə məşğul olmasıdır. Demək olar ki, ilk müəllimim də məhz atamdır. 6 yaşımdan Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində Faiq İsgəndərovun rəhbərliyi altında məşqlərə başlamışam. Məşqçinin verdiyi bütün tapşırıqları səhvsiz yerinə yetirməyə çalışıram. Çətinliyim olduğu zaman məşqçilər, eləcə də təcrübəli güləşçilərimiz köməklik edirlər. Məşqçimiz hər zaman bizə məşqlərə daha məsuliyyətlə yanaşmağı tapşırır. Bu idman növünə olan marağım hədsiz olduğu üçün elə ilk yarışımda da mükafat qazanmağa nail olmuşam, bütün birinciliklərdə ön yerlərə çıxmağa çalışıram. Ən böyük uğurum İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə qazandığım qələbə olub. İlk dəfə idi, belə böyük turnirdə mübarizə aparırdım. Bu məni həyəcanlandırdığı kimi həm də qarşımda böyük məsuliyyət qoymuşdu. Turnirdə uğur qazanıb Naxçıvan güləş məktəbinin ənənələrini layiqincə təmsil etməyi düşünürdüm. Keçirdiyim bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qalibi oldum. Bu, təkcə mənim yox, eyni zamanda məşqçilərimizin, bizə bu sahədə köməklik edən hər bir kəsin qələbəsi idi”.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin 5-ci sinfində təhsil alan Ələkbər Əsgərovun fikrincə, qazandığı uğurların əsas səbəbi doğma diyarımızda idmançılar üçün yaradılan şəraitdir: “Məşq etməyimiz üçün zalımızda hər bir şərait var. Bununla yanaşı, Güləş Federasiyası keçirilən bütün turnirlərdə, yarışlarda iştirakımızı təmin edir. Biz də çalışırıq ki, göstərilən etimadı doğruldaq və muxtar respublikamızı layiqincə təmsil edək”.
Naxçıvan Qarnizonu tam orta məktəbinin 7-ci sinif şagirdi Elcan Mirələmov Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindəki Dulusçuluq dərnəyinin üzvüdür. Qədim sənət sahələrindən olan dulusçuluğa böyük maraq və həvəsi olduğunu söyləyən müsahibim qeyd edir ki, televiziyada dulusçuluq haqqında sənədli filmləri izlədikcə, tarix dərsliklərimizdə onunla bağlı məlumatları öyrəndikcə bu sənətə böyük marağım yarandı. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində belə bir dərnəyin fəaliyyət göstərdiyini öyrənəndə çox sevindim və bu sahəyə marağımı nəzərə alan valideynlərim məni dərnəyə üzv yazdırdılar. Biz burada müxtəlif dulusçuluq nümunələri hazırlayırıq. Onu da qeyd edim ki, bu həm də çox əyləncəli bir sahədir. Mən gələcəkdə də ikinci sənət kimi dulusçuluqla məşğul olmaq istəyirəm.
Elcanın atası Elşad Mirələmov deyir ki, bu gün müstəqil Azərbaycanın uşaqları çox xoşbəxtdirlər. Ona görə ki, uşaqlarımızın bütün hüquq və azadlıqları təmin olunur. Onların gələcəkdə dünyagörüşlü, intellektli, vətənpərvər bir insan kimi yetişməsi üçün hərtərəfli şərait yaradılıb. Mən də bir valideyn olaraq çox xoşbəxtəm ki, övladım müstəqil Azərbaycan dövlətində yaşayır, böyüyür və təhsil alır.

 Ramiyyə ƏKBƏROVA
 Ceyhun MƏMMƏDOV
 Güntac ŞAHMƏMMƏDLİ
 Pərviz HACILI