Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dahi şəxsiyyətin əsasını qoyduğu dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqların sağlam böyüməsi, yüksək səviyyədə təhsil alması, layiqli vətəndaş kimi formalaşması, asudə vaxtlarının səmərəli təşkil olunması diqqət mərkəzində saxlanılır. Muxtar respublikada da bu istiqamətdə ardıcıl tədbirlər görülür, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına böyük həssaslıqla yanaşılır.

 

Muxtar respublikamızda bu kateqoriyadan olan uşaqların təhsil aldığı müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi və onların inklüziv təhsilə cəlbi ilə bağlı mühüm işlər görülməkdədir. Bu sahədə kompleks tədbirlərin həyata keçirilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın mühüm rolu vardır.
Proqramda 25 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuş, 2 bəndin icrası başa çatdırılmışdır. Belə ki, Naxçıvan Regional İnformasiya Mərkəzində diqqət zəifliyi olan, hiperaktiv uşaqlar üçün təlim-bərpa otağının və fərdi, ailə, uşaq psixoloji məsləhətinin təşkili məqsədilə dəstək xidmətinin yaradılması başa çatdırılmışdır. Təlim-bərpa otağı müvafiq avadanlıqlarla, o cümlədən təlim vəsaitləri və diqqəti bərpa edən xüsusi avadanlıqla təmin olunmuşdur. Həmin avadanlıq vasitəsilə təşkil edilən sakitləşdirici və fəallaşdırıcı məşğələlər zamanı kompüterin monitorunda hər seansdan sonra uşağın diqqətində baş verən dəyişikliyi müşahidə etmək mümkündür. Psixoloji dəstək xidmətinin əsas vəzifəsi psixoloji problemləri olan uşaqların reabilitasiyası üçün rəyin və bu kateqoriyadan olan uşaqların valideynlərinə tövsiyələrin verilməsidir. Xidmətin təşkil edilməsi mərkəzə müraciət edən hər bir uşaqla bağlı konsultasiya işinin aparılması, onun psixoloji sağlamlıq diaqnozuna uyğun fərdi proqramın hazır­lanması, reabilitasiyaya cəlb edilməsi, valideynləri və ailə üzvləri ilə maarifləndirici söhbətlər aparılması üçün geniş imkanlar yaradır.
Dövlət proqramının təsdiq edildiyi tarixdən etibarən hər il iyun-avqust və sentyabr-noyabr aylarında sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə tədbirlər keçirilir və tədrisə cəlb edilmiş bu kateqoriyadan olan aztəminatlı uşaqlar məktəbli geyimi, ləvazimatları, eləcə də qış geyimi ilə təmin edilir.
Proqramın digər bəndlərinin icrası ilə bağlı ötən dövrdə işlər davam etdirilmiş, muxtar respublikada məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barəsində yaradılmış məlumat bazası mütəmadi olaraq yenilənmişdir. Eyni zamanda bu kateqoriyadan olan uşaqların təhsilə cəlbi onlarla mədəni-kütləvi iş aparılmasına və reabilitasiya prosesinin səmərəliliyinə şərait yaradır. Bu sahədə məktəbəqədər təhsil müəssisələri də önəmli rol oynayır. Uşaqlar həmin müəssisələrdə sağlamlıq imkanları nəzərə alınaraq ilkin biliklərə yiyələnir və onların fiziki tərbiyəsi ilə bağlı işlər görülür. Bu məqsədlə dövlət proqramında sağlamlıq imkanları məhdud uşaqların əqli və fiziki potensialları nəzərə alınmaqla məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı tapşırıq müəyyən olunmuşdur. Ötən dövrdə həmin sosial kateqoriyadan olan uşaqlardan biri Naxçıvan şəhər 1 saylı, digəri isə Şərur şəhər uşaq bağçasına cəlb edilmişdir.
Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər onların cəmiyyətə daha sağlam inteqrasiya olunması baxımından xüsusi önəm kəsb edir. Bu sahədə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin xüsusi rolu vardır. Mərkəzdə müasir psixi-pedaqoji üsullardan istifadə edilir, uşaqların valideynləri ilə maarifləndirici söhbətlər aparılır. Hazırda mərkəzdə 9 sağlamlıq imkanları məhdud uşağa xidmət göstərilir. Onlardan 1-i daun sindiromu, 1-i ceksontipli qıcolmalar, 2-si autizm, 3-ü anadangəlmə hidrosefaliya, 1-i əqli zəiflik, imbesillik, 1-i isə katarakta əməliyyatından sonra gözdə zəiflik diaqnozu ilə yerləşdirilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqların mövcud potensialları nəzərə alınaraq ümumtəhsil müəssisələrinə cəlb edilməsi prosesi də davam etdirilmiş, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə 1, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 10 uşaq tədrisə cəlb olunmuşdur. Buraxılış imtahanlarından azad edilmələri üçün 20 sağlamlıq imkanları məhdud uşağın epikrizləri Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinə göndərilmişdir.
Muxtar respublikada əqli, fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən sağlamlıq imkanları məhdud uşaqların distant tədrisə cəlbi sistemli xarakter almışdır. Bu məqsədlə 2020-ci ilin ötən dövründə hərəkət qabiliyyəti məhdud 1 uşaq məktəbli forması və ləvazimatları ilə təmin edilərək distant tədrisin 1-ci sinfinə qəbul olunmuşdur. Həmin kateqoriyadan olan 12 uşağın distant tədrisi davam edir.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının etibarlı müdafiəsi sahəsində Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Sağlamlıq imkanları məhdud uşaqların tədrisə cəlb edilməsi ilə bağlı komissiya tərəfindən aparılan işlər böyük əhəmiyyətə malikdir. 2020-ci ilin ötən dövründə də komissiyanın monitorinq qrupu tərəfindən sağlamlıq imkanları məhdud uşaqların tədrisə cəlb edilməsi məqsədilə Naxçıvan şəhər 2 nömrəli uşaq bağçası və Sədərək rayon 2 nömrəli tam orta məktəbdə monitorinqlər aparılmışdır.
2020-ci ilin ötən dövründə muxtar respublikada 3 sağlamlıq imkanları məhdud uşaq musiqi məktəblərinə, 1 uşaq rəqsə, digəri isə məktəbdənkənar dərnəyə, 20 uşaq bacarıq və maraqları nəzərə alınmaqla müxtəlif gəzintilər, əyləncə tədbirləri və idman yarışlarına cəlb edilmişdir. 26 fevral – Xocalı soyqırımı və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirlərdə sərgilər təşkil olunmuş və sağlamlıq imkanları məhdud uşaqların 7 əl işi nümayiş etdirilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası ilə bağlı müasir dövrümüzün qabaqcıl texnoloji imkanlarından istifadənin genişləndirilməsi mühüm məsələlərdəndir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyətinin də əsas məqsədi muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud şəxslərin informasiya texnologiyaları vasitəsilə sosial reabilitasiyasını həyata keçirməkdən ibarətdir. Ötən dövrdə mərkəzdə fəaliyyət göstərən bütün bölmələrə 115, defektoloji bölmənin Şərur rayon filialına 21, Ordubad rayon filialına isə 23 olmaqla, ümumilikdə, 159 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Mərkəzdə bu kateqoriyadan olan 18 yaşınadək uşaqlardan ibarət musiqi qrupunun və rəqs qrupunun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər görülmüş, musiqi terapiyası otağına 28 uşaq cəlb edilmiş, xor musiqi kollektivi yaradılmışdır. Ümumilikdə, mərkəzin defektoloji bölməsinin təlim məşğələlərində 76, kinekt oyunlar otağında 26, məhdud fiziki imkanlıların kompüter kurslarında 29, əmək terapiyası otağında 29, təlim-bərpa otağında 7, psixoloji dəstək xidmətində isə 18 sağlamlıq imkanları məhdud uşaq təhsilini davam etdirmişdir.
İdman bu sosial kateqoriyadan olan uşaqların reabilitasiyasında mühüm vasitələrdən biridir. Dövlət proqramında müəyyən edilmiş tapşırıqların icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Culfa rayon bölməsində 9 sağlamlıq imkanları məhdud uşaq idmanla məşğul olmağa başlamışdır.
Ötən dövrdə sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılmasına, asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq məqsədilə də tədbirlər davam etdirilmiş, “20 Yanvar faciəsi”, “Şəhidlərimiz daim qəlbimizdədir”, “Xocalı faciəsi” adlı şeir, “Ana dili günü” ilə bağlı inşa yazı, “Xocalı soyqırımı” adlı rəsm müsabiqələrində uşaqların iştirakı təmin edilmişdir. “Saat meydanı” turistik istirahət mərkəzində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı”nda bu kateqoriyadan olan uşaqların da iştirakı təmin olunmuşdur. İstedadlı şagirdlər arasında keçirilən Naxçıvan Muxtar Respublikası Fənn Olimpiadasında sağlamlıq imkanları məhdud şagirdlər də iştirak etmiş, qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
Muxtar respublikanın kütləvi informasiya vasitələrində sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiya tədbirləri ilə bağlı maarifləndirici məlumatların verilməsi davam etdirilmişdir. “Şərq qapısı” və digər mətbuat orqanlarında silsilə məqalələr dərc olunmuş, Naxçıvan Dövlət Televiziyasında rəngarəng verilişlərlə yanaşı, “Sosial həyat”, “Ümid işığı”, “Təməl” verilişləri və “Özünü kəşf et” adlı videoçarxlar hazırlanaraq efirə təqdim olunmuşdur. Naxçıvan Dövlət Radiosunda bu mövzuda “Ailə və uşaq”, “Sosial həyat”, “Həyat eşqi” proqramları hazırlanmış, “Günə başlarkən” musiqili informasiya proqramında və “Xəbərlər” proqramında süjetlər efirə təqdim edilmişdir. Sosial şəbəkələrdə bu kateqoriyaya aid istedadlı uşaqların həyat və yaradıcılıq fəaliyyətini əks etdirən 4 qısametrajlı videoçarx yayımlanmışdır.
Dövlətin sağlamlıq imkanları məhdud uşaqlarla bağlı apardığı məqsədyönlü və humanist siyasət ictimai maraqların müdafiəsinə yönəlmişdir. Çünki bu kateqoriyadan olan uşaqlar ictimaiyyətin daxilindən çıxmış və onların hərtərəfli müdafiəsi ictimaiyyətin maraqlarının dövlət tərəfindən təmin olunması deməkdir. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı qarşıya qoyulan vəzifələr bundan sonra da diqqətdə saxlanılacaq, müvafiq tədbirlər davam etdiriləcəkdir.

“Şərq qapısı”