Hazırda cəmiyyətimiz sürətli sosial-iqtisadi inkişaf mərhələsindədir. Bu inkişaf proseslərinə uyğun olaraq, iqtisadi həyatda sığorta kimi bir çox vacib münasibətlərin də genişləndirilməsi, onun müxtəlif növlərinin tətbiqinin sürətləndirilməsi tələb olunur. Muxtar respublikamızda sığorta fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün verilmiş tapşırıqların icrası istiqamətində görülən işlər qısa müddətdə bu vacib sahənin fəaliyyətini genişləndirməyə, insanların risklərini sığortalamaqla sosial müdafiəsini daha yaxşı təşkil etməyə imkan vermişdir. Sığorta maarifçiliyini genişləndirmək və daşınmaz əmlakın icbari sığortası zamanı əhalini maraqlandıran bəzi suallara cavab vermək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə müraciət etdik.  Müsahibimiz agentliyin aparıcı mütəxəssisi Hafiz Hüseynovdur.

– Hafiz müəllim, vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası nə üçün vacibdir və o, hansı qanun və fərman əsasında aparılır?

–  Məlumdur ki, insanın iqtisadi fəaliyyətinin əsas məqsədi rifah içində yaşamaqdır. Bunun üçün daha çox maddi nemətlər istehsalı və onlardan səmərəli istifadə edilməsi vacib şərtdir. Maddi nemətlər içərisində isə əmlak və xüsusən də daşınmaz əmlak hər bir insan üçün təməl ehtiyaclardan hesab olunur. Belə ki, daşınmaz əmlak hər bir vətəndaşın normal yaşayışı üçün həyati tələbat sayılır. Ona görə də əmək sərf edib daşınmaz əmlak əldə etmək qədər onun risklərdən qorunması da hər bir insanın əsas qayğılarındandır. Daşınmaz əmlakın risklərə qarşı sığorta olunması bu baxımdan vətəndaşların sosial müdafiəsinin ən mühüm istiqamətlərindən biri olub, dövlətin müvafiq qanunları ilə tənzimlənir. Çünki daşınmaz əmlak qiymətli olduğu qədər onun itirilməsi və ya zərər görməsi halında dəymiş zərər də böyük olacaq, insanların normal şəraitdə yaşamaq imkanları azalacaqdır. Ona görə də vətəndaşlara məxsus daşınmaz əmlakın sığortası icbari qaydada həyata keçirilən bir tədbir kimi çox mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli Fərmanına əsasən aparılır.
– Vətəndaşlara məxsus hansı daşınmaz əmlak icbari sığorta olunur, hansılar icbari qaydada sığorta olunmur?
– Vətəndaşlara məxsus daşınmaz əmlak onların yaşayışı vacib olan tikililərdir. Qanuna görə, bunlar yaşayış evləri və mənzillər hesab edildiyindən icbari qaydada sığorta olunurlar. Vətəndaşlara məxsus digər daşınmaz əmlak növləri – təsərrüfat tikililəri, tövlə, ev damı, qaraj, hasar və sair kimi tikililər birbaşa insanların yaşamağı üçün nəzərdə tutulmadığından onların icbari qaydada sığortası da həyata keçirilmir. Ona görə də daşınmaz əmlakını icbari sığorta etdirən vətəndaşların qanunda dəqiq şəkildə göstərilmiş bu cəhətləri nəzərə almaları tövsiyə olunur.
– Vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası və sığorta haqqı hansı məbləğdə müəyyənləşdirilir?
– Hazırda vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası Naxçıvan şəhərində sığorta məbləği 20 min manat, sığorta haqqı 40 manat, muxtar respublikanın digər rayon və kəndlərində isə sığorta məbləği 15 min manat, sığorta haqqı 30 manat müəyyənləşdirilmişdir. Göstərilən sığorta haqlarının miqdarına gəldikdə isə, onu qeyd etmək lazımdır ki, vətəndaşlardan alınan 0,2 faiz tariflik sığorta haqqı onların sosial müdafiəsinə xidmət edir. Belə ki, könüllü sığorta üzrə əmlak sığortasında sığorta haqqı bu tarifdən xeyli yuxarı səviyyədə müəyyənləşdirilir.
– Baş verən hansı hadisələr sığorta hadisəsi hesab olunur və hansı hadisələr nəticəsində vətəndaşların yaşayış yerlərinə və mənzillərinə dəymiş zərər məbləği sığortaçı tərəfindən ödənilməlidir?
– İcbari sığorta haqqında qanuna əsasən, daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Bunlar yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri sığorta hadisəsi hesab olunur.  Bu hadisələr nəticəsində vətəndaşlara dəymiş zərərlər sığortalılara ödənilir.
– Vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası zamanı hansı hadisələr nəticəsində dəymiş zərər məbləği sığortaçı tərəfindən ödənilmir?
– Göründüyü kimi, haliyədə qüvvədə olan qanun bir çox riskli hadisələr nəticəsində vətəndaşların daşınmaz əmlakına dəymiş zərərlərin icbari sığorta yolu ilə əvəzinin ödənilməsinə imkan verir. Ancaq bəzi hallar vardır ki, bunlar qanunda nəzərdə tutulmadığından müəyyən hadisələr nəticəsində daşınmaz əmlaka zərər dəysə də, sığorta ödənişi verilmir. Belə hallar sığorta müqaviləsi bağlanmamışdan əvvəl yaşayış evinə dəymiş zərərlər və qanunda nəzərdə tutulmuş sığorta hadisələrindən başqa, yəni sığortalının faydalanan şəxsin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər, sığortalanmış əmlakın təmiri, qrunt sularının səviyyəsinin dəyişməsi, suyun borularda və ya rezervuarlarda aşınma, şaxtavurma, yeyilmə, tədricən xarabolma, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axının baş verməsi kimi hallar hesab olunur. Belə hadisələr nəticəsində daşınmaz əmlak sahibinə sığorta ödənişi verilmir.

Əli CABBAROV