“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandir və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib. Məşğələlərdə əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktik vərdişlərinin təkmilləşdirilməsinə ­yönəldilib.

 Məşğələ zamanı müxtəlif təlim yerlərində ayrı-ayrı fənlər üzrə dərslər keçilib, 60, 82 və 120 millimetrlik minaatanlara quraşdırılmış simulyatorlar vasitəsilə praktik atışlar yerinə yetirilib. Səhra şəraitində bölmələrin qidalanmasının təşkili, şəxsi heyətin yemək və su tələbatının ödənilməsi məqsədilə arxa komanda məntəqəsi açılıb.

Məşğələlər çərçivəsində tərkibinə hava hücumundan müdafiə vasitələri və mina-atanlar verilmiş motoatıcı bölüyün müdafiə döyüşünün planlanması, hazırlanması, keçirilməsi və idarə edilməsi metodikası praktik olaraq göstərilib. Bölüyün döyüş atışlı taktiki təliminin ssenarisinə əsasən motoatıcı bölüyün dayaq məntəqəsinə düşmənin bir tabora qədər qüvvəsi pilotsuz uçuş aparatlarının və artilleriya atəş zərbələrinin dəstəyi ilə hücum edir.

Düşmən artilleriyasını susdurmaq və hava zərbələrini dəf etmək məqsədilə zenit qurğularından, minaatanlardan, piyadanın döyüş maşınlarından və digər atəş vasitələrindən tapşırıqlar yerinə yetirilir. Düşmənin üstün qüvvələrinin hücumunu dəf edərək maksimal itkiyə məruz qoymaq, dayaq məntəqəsini əldə saxlamaqla sonrakı fəaliyyətlər üçün əlverişli şərait yaratmaq məqsədilə müdafiə döyüşü aparılır.
Motoatıcı bölüyün ehtiyatda olan taqımı döyüşə yeridilərkən düşmənin hava kəşfiyyat vasitələri tərəfindən müşahidə edilərək artilleriya atəş zərbələrinə və kəşfiyyat-diversiya qrupunun basqınına məruz qalır. Aktiv fəaliyyətlərlə düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilir. Bölüyün döyüş atışlı taktiki təlimində yaranmış mürəkkəb şəraitdə şərti düşmənə etibarlı atəş zərbələri endirilir, dayaq məntəqəsi qarşısında düşmənin hücumu dayandırılır və beləliklə də, qarşıya qoyulmuş məqsədə nail olunur.

Məşğələlərə yekun vurulan zaman müdafiə döyüşünün komandirlərdən həm yüksək peşəkarlıq, həm də ortaya çıxan mürəkkəb taktiki şəraitdə soyuqqanlılıq və iradə göstərmələri, özlərini itirməmək bacarığını sərgiləmələrinin tələb edildiyi vurğulanıb. Döyüşün ən mürəkkəb və çətin növü sayılan müdafiə döyüşünün praktik olaraq göstərilməsi zamanı komandirlərin peşəkar idarəetmə, şəxsi heyətin yüksək səhra bacarığı nümayiş etdirməsi məşğələlərin sistemli şəkildə təşkil olunmasının əhəmiyyətindən xəbər verir.

Nəriman NƏCƏFOV