Könüllülük... Bir neçə hərfdən yaranan, ilk baxışdan çox sadə görünən bu söz bizə nələr danışır? Bir qədər düşünək...
Nənə-babalarımızın nağıl gecələrinin şirin-şəkər söz-söhbətilə, oxuduqlarımızla, eşitdiklərimizlə yoldaş olub yola çıxaq, bu sözün mənasına, mahiyyətinə vara-vara qədim tariximizi vərəqləyək həmin yolçuluqda. Könüllülərlə rastlaşacağıq bu yolda. Əcdadlarımızın ayaq səslərinə qulaq verdikcə, təxəyyül, təfəkkür dünyalarına səyahət etdikcə, dünənimizdə baş verənləri, bu günümüzün reallıqlarını, müstəqilliyimizi, inkişafı, tərəqqini hər incə detalınadək diqqətlə izlədikcə könüllərdən gələn səsləri də eşidəcəyik. İşıqlı sabahlara aparan yolda qarşımıza çıxan maneələri aşdığımız, çıraq işığına məcbur qaldığımız, qəlbimizdə közərən ümid işığından güc aldığımız, nəfəsimizlə əlimizi isitməyə çalışdığımız qaranlıq gecələrdə, gecə rəngli gündüzlərdə çəkdiyimiz əziyyətlərlə üz-üzə dayanaq. Bu yolçuluqda olanların-keçənlərin məğzinə vara-vara könüllülüyün, könüllülərin hər əsrdən boylandığını görəcəyik... Gördükcə də könüllü­lük bizim xalqın qanındaymış, canındaymış, genetik yaddaşındaymış ki, deyəcəyik...

Bəşəriyyətin ikinci yaradılışı sayılan Nuh tufanı dövrünə səyahət edək, o uğultunun sonunu, sükutunu dinləyək, Nuhun Nəqşi-cahana ayaq basdığı, ona qəlbdən bağlanaraq ömrünü-gününü bu torpağa həsr etməsində, dərdlərin dərmanı olan, el-el, oba-oba gəzən, dadımız-tamımız olan duzun mənbəyində – Duzdağ şaxtasında çalışmasındadır könüllülük. Könüllülük Dədəm Qorqudun övladlarını birliyə-bərabərliyə səsləyən nəsihət dolu sözündədir, doğma yurd-yuvasını qorumaq üçün əllərinə qılınc-qalxan alaraq düşmən üzərinə yeriyən mərd oğuz igidlərinin nərəsində, namərdi lərzəyə salan məğrur baxan gözündədir. “Qazan xanın evinin yağmalanması boyu”ndan tanıdığımız Qaraca çobanın düşmənlərlə təkbaşına son anadək mübarizə aparmasında, Qazan xana kömək məqsədilə var qüvvəsi ilə ağacı kökündən qoparmasındadır, bunun kimi neçə-neçə əfsanələrimizdə, rəvayətlərimizdə, nağıllarımızda, folklorumuzdadır. Çənlibeldə at oynadan Koroğlunun ətrafına yığılan “dəli”lərin hayqırtısında, Nigar, Telli kimi iffətli xanımların kişilərlə bərabər at sürərək, qılınc oynadaraq düşmənə meydan oxumaq istəyində, 816-837-ci illər arasında ərəb işğalçılarının 6 ordusunu darmadağın edən Babəkin azadlıq şüarında, qolu kəsiləndə ölümün gözünə dik baxan igidimin üzünü al-qırmızı qanına boyayaraq “rəngim sarala bilər, istəmirəm düşmən məni saralmış görsün” deyə söylədiyi ibrətamiz sözlərdədir könüllülük... Atabəy Şəmsəddin Eldənizin, Məhəmməd Cahan Pəhləvanın, Qara Yusifin, Uzun Həsənin, Şah İsmayıl Xətainin torpaqlarımızı birləşdirmək əzmində, dünənimizə işıq saçan Əcəmi memarlıq nümunələrindən – Möminə xatının, Yusif Küseyr oğlunun bədii təxəyyülə hopan hər naxışında, Möminə xatın türbəsinin baştağında kufi xətti ilə yazılan “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar” sözlərinin məğzindədir. Əmir Teymura təslim olmayan, 14 illik şərəf, ləyaqət dastanı yazan Əlincəqalanın hər addımına ləpir salan ulu babalarımın əl-ayaq izlərində, bu qəhrəmanlıq salnaməsinin mirasına hörmət hissində, min bir əziyyət bahasına da olsa, yüksək səviyyədə bərpa edilərək yaşadılmasındadır könüllülük. Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edən Naxçıvan xanlığını yaradan Kəngərlilər sülaləsindən olan Naxçıvanskilərin insanlara ərməğan etdikləri yaşam qaynaqları sayılan çeşmələrdə, hamamlarda, körpülərdədir...

Maarifpərvərlik nişanəsi olan “Əkinçi” qəzetinin insanları doğruluğa, düzgünlüyə səsləyən hər cümləsində boy atıb pöhrələyən könüllülük Ana dilinin müqəddəsliyini aşılayan, cahilliyi tənqid edən Mirzə Cəlil dühasında pərvəriş tapır, neçə-neçə şair, yazıçılarımızın əsərlərində yaşayır, ilham qaynağına çevrilir. Könüllülük Naxçıvanın könüllülərdən ibarət taborlarının türk qoşunları ilə birgə erməni daşnaklarını darmadağın edərək Araz-Türk Respublikasının yaradılmasında, muxtariyyət yolunda atılan addımlarda, Nəriman Nəriman­ovun, Behbud ağa Şahtaxtinskinin mübariz, dönməz mövqelərində, mütərəqqi fəaliyyətlərindədir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qısa zamanda böyük işlərin görülməsində, qəbul edilən bayrağımızın, gerbimizin hər bir elementində, himnimizin hər bir sətrindədir. Xalqımızın qəhrəmanlıq səhifələrindən olan İkinci Dünya müharibəsi illərində vətənpərvər oğullarımızın göstərdikləri şücaətlərdə, cəbhədən yazdıqları məktublarda, torpaq, el uğrunda vuruşan igidlər üçün gündüzləri tarlalarda çalışıb gecələri ilmə-ilmə corab, şərf toxuyan anaların zəhmətdən qabar olmuş əllərində, qalib gəlmək naminə, cəbhə üçün silah-sursat alınsın deyə nişan üzüklərini belə, əsirgəməyən anaların, bacıların nikbin baxışlarında, inam dolu qəlblərindədir...
Vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi sayılan ümummilli lider Heydər Əliyevin 1969-cu ildən ölkəmizi müstəqil, xoşbəxt, firavan gələcəyə aparan müqəddəs amalında, gördüyü misilsiz işlərdədir könüllü­lük. Xalqımızın mübarizlik simvoluna çevrilən 20 Yanvar və Xocalı faciələrində ulu öndərin ermənilərin millətimizin başına gətirdiyi müsibətlərə, SSRİ kimi nəhəng imperiyaya qarşı göstərdiyi yenilməz qətiyyətində, dönməz iradəsində nur saçıbdır könüllülük. Azadlıq meydanında həmrəylik nümayiş etdirən minlərlə insanın qəlbindən qopan “Azadlıq!” hayqırtısının göylərə ucalıb müstəqillik toxumu tək yerə səpildiyi an görkəmli dövlət xadimi Heydər Əliyevin sovet ideologiyasının buxovlarına baxmayaraq, yüksək vəzifəsindən imtina edərək canı bahasına da olsa, öz doğma Vətəninə qayıdaraq cücərməkdə olan müstəqilliyi qorumasında, millətin isə öz xilaskarına rəğbətindədir könüllülük. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik şəxsiyyətin söylədiyi nitqlərində, “Mənim həyatım xalqıma məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir” fəlsəfəsindədir.
Könüllülük, qəhrəmanlıq salnaməmiz sayılan Sədərək döyüşlərində Naxçıvanın hər bir bölgəsindən buraya axışan yurdsevər insanların son damla qanlarınadək vuruşmasında, “Təki Vətən yaşasın!” şüarı ilə canlarından keçməsində, bir qarnı ac, bir qarnı tox yerli əhalinin gülləbaran altında səngərdəki oğullara ərzaq daşımasında, top mərmilərindən dəlik-deşik olsa da, körpə fidanlara sabaha ümid, qələbə əzmi, elm ziyası bəxş etməyindən qalmayan Sədərək məktəbində çalışan fədakar müəllimlərin əməyindədir. Könüllülük dahi siyasətçinin ətrafında sıx birləşməsində, iki qardaşı ayrı salan “sərhəd” dirəklərini qışın şaxta, çovğununa rəğmən tar-mar edən insanların həsrət alovlu əllərində, inam dolu qəlblərindədir, ümid körpüsü olan Sədərək-Dilucunu salan ürəklərdə, diləklərdədir. Sədərək-Dilucu körpüsü həm də bir-birinə həsrət qalan iki qardaşın vüsal yeri, bütövləşən könül bağıdır.
Könüllülük görkəmli dövlət xadimi Heydər Əliyevi Naxçıvanda Ali Məclisin Sədri seçilməyə səsləyən minlərlə naxçıvanlının ürək döyüntüsündə, dahi siyasətçinin xalqının səsinə səs verərək onu nicat yoluna çıxarmasındadır. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndərin 10 il ərzində yüzilliklərə bərabər uzaqgörən işlər həyata keçirərək Azərbaycan adlı müstəqil dövləti miras qoymasında, siyasi irs yaratmasındadır.
30 il bundan öncə naxçıvanlıların könlündə arzulanan “firavan günlər, xoşbəxt gələcək” nəğməsinin sədası gündən-günə daha da yüksəlir. Açılan sabahlar, doğan Günəş könülləri fərəh hissi ilə doldurur, yeni-yeni uğurlara vəsilə olur. Artıq gündəlik həyat ritminə çevrilən könüllülük şəhər, qəsəbə, kəndlərimizin abadlaşan, gözəlləşən simasından boylanır, hər iməcilikdə minlərlə ağac əkən, ümumi evimiz sayılan doğma yurdumuzun səliqə-sahmanına xüsusi həssaslıqla yanaşan insanların əməli işində təcəlla edir. Könüllülük “hərəmiz bir ağac əkək”, – deyib “Gənclər bağı” salan, “Kitablar tozlanmasın” şüarı ilə mütaliəyə maraq oyadan, festivallarda, bayramlarda, əlamətdar günlərdə milliliyimizi, adət-ənənəmizi yaşadan, təbliğ edən, startaplar yaradan gəncliyin vətənpərvərlik hissində, innovativ düşüncəsində, ruhunda pərvazlanır. Gecə-gündüz ilmə-ilmə yun şərf, corab toxuyaraq səngərdə Vətənimizin keşiyini çəkən oğullara hədiyyə edən sağlamlıq imkanları məhdud şəxslərin, bayramlarda öz əlləri ilə əkib-becərdikləri məhsullardan əsgərlərə sovqatlar aparan insanların xeyirxah təşəbbüsündə, xalq-ordu birliyinin təməlindədir. Soykökümüzü, milli-mənəvi dəyərlərimizi qoruyan və yaşadan muzeylərə yüzlərlə dəyərli eksponatlar hədiyyə edən sakinlərin keçmişimizə verdiyi dəyərdə, veteranlara, ahıllara bəslənilən hörmət, ehtiram hissindədir. Lələtəpədə, Günnütdə, Qızılqayada üçrəngli bayrağımızı dalğalandıran dağ əzəmətli mərd oğullarımızın işğal olunmuş digər torpaqlarımızın azad olunması eşqi ilə döyünən ürəklərində, tətikdəki barmaqlarında, zəfər nəğməsini söyləməyə amadə olan dillərindədir.

Ağır sınaqlarla üz-üzə dayandığımız 2020-ci ildədir könüllülük. Dünyanın hegemon dövlətlərinin belə, əlində aciz qaldığı koronavirus pandemiyasına qarşı xalqımızın, dövlətimizin birlik, bərabərlik göstərməsində, ölkə rəhbərinin “Biz birlikdə güclüyük!” şüarına səs verməsində, dövlət adamlarının, ayrı-ayrı sahələrdə çalışanların, sahibkarların, sadə insanların Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr etməsində, ölkənin hər yerindən eşidilən həmrəylik dolu videolarda, alqış sədalarında, kimsəsizlərə, ahıllara, sosial qayğıya ehtiyacı olanlara göstərilən köməkdə, yuxusuz gecələr, yorğun gündüzlər keçirən tibb işçilərinin zəhmət tərinin selə döndüyü şəfalı əllərindədir. Atdığı mütərəqqi addımlarla, gördüyü misilsiz işlərlə xalqımızı bu bəladan xilas etməyə çalışan ölkə Prezidenti cənab İlham Əliyevə hər kəsin qəlbindən süzülən kəlmələrdə, ünvanlanan etimad, inam, rəğbət dolu məktublardadır könüllülük... Səndədir, məndədir, bizdədir, hər birimizdədir... Hər şeyin könlümüzcə olması diləyi ilə...

Xeyirxah amala sahibsən əgər,
Gördüyün hər işdə vardır bir dəyər,
Gözünü tox tutub dünya malından,
Könlünün səsinə qulaq as, yetər...

 Nail ƏSGƏROV
Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.