Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada ahılların sosial müdafiəsinin gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə sentyabrın 24-də sözügedən nazirliyə tabeli qurumlar olan əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən 35 tənha ahılın “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə ziyarəti təşkil edilib. Əshabi-Kəhfi ziyarət edən tənha ahıllara qurban payları təqdim olunub, həmçinin onlar üçün çay süfrəsi təşkil edilib. Ziyarətgahdan xoş ovqatla ayrılan ahıllar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti