2013-cü il fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə bir sıra nazirlik, komitə və agentliklərlə yanaşı, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin qarşısında da mühüm vəzifələr qoyulub. Həmin müşavirədə Dövlət Baş Sığorta Agentliyinə sığortanın, xüsusilə könüllü sığortanın müxtəlif növlərinin mahiyyəti və təbliği ilə bağlı hüquqi və fiziki şəxslər arasında izahat xarakterli tədbirlərin keçirilməsi, əhali arasında sığortaya olan etibarlılığın artırılması üçün müvafiq işlərin görülməsi, yol verilmiş nöqsanların aradan qaldırılması tapşırılıb. Ötən müddət ərzində həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikamızda daşınmaz əmlakın sığorta edilməsində vətəndaşların fəallığı xeyli yüksəlib. Çünki qəfildən baş verən yanğınlar, təbii fəlakətlər, elektrik və yaxud qazdan əmələ gələn təhlükələr və digər hadisələrin maddi nəticələrinin aradan qaldırılmasının yeganə yolu əmlakı sığorta etdirməkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, bu günlərdə Babək rayonunun Qahab kənd sakini Sərfinaz Məmmədovanın yaşayış evinin mətbəxində baş vermiş yanğına görə ona daşınmaz əmlakın icbari sığortası üzrə 1274 manat, ev əmlakının sığortası üzrə 604 manat, ümumilikdə, 1878 manat sığorta məbləği ödənilib. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyən İlkin Əhmədovun istehsalat qəzası nəticəsində ölümü ilə əlaqədar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirməsi hallarından icbari sığorta üzrə ailəsinə 4767 manat sığorta ödənişi verilib.

Xəbərlər şöbəsi