Bazar iqtisadiyyatına keçid ölkəmizdə əsaslı iqtisadi islahatların aparılması üçün əlverişli şərait yaratmışdır. Bu addımlardan biri respublikada sığorta-pensiya sisteminin fəaliyyətə başlamasıdır. Son 20 ildə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda makroiqtisadi və demoqrafik vəziyyətin dəyişməsi sosial müdafiə sisteminin yeniləşməsini zəruri etmişdir.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası” Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoymuşdur. Bu model pensiyaçıların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması və onun rolunun artırılması, pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılması və məqsədyönlü istifadəsi, pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin yüksəldilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllinə yönəldilmişdir.

Qeyd olunan fəaliyyətin məntiqi nəticəsi kimi, 2006-cı il yanvar ayının 1-dən ölkəmizdə yeni sistem sayılan fərdi uçotun tətbiqinə başlanılmışdır. Ümumiyyətlə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta fiziki şəxslərin əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, həmçinin itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması kimi təsbit edilmişdir. Sosial sığorta sahəsi ilə bağlı müvafiq qanunvericilik bazasının olması həmin fəaliyyətin yerinə yetirilməsində və onun tənzimlənməsində mühüm rol oynayır. Məcburi dövlət və könüllü formalardan ibarət olan sosial sığorta öz subyektləri arasında hüquq bərabərliyini təmin edir. Hazırda məcburi dövlət sosial sığortası bu sahədə aparıcı rol oynayır. Sosial sığortanın bu formasının müntəzəm olaraq həyata keçirilməsinə dövlət təminat verir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, məcburi dövlət sosial sığortasının həyata keçirilməsi üçün sığortaçının, sığortaedənin və sığortaolunanın iştirakı vacibdir. Hüquqi və ya fiziki şəxs formasında fəaliyyət göstərən sığorta­edənlər çalışdırdıqları işçilərlə bağlı müvafiq ayırmaların həyata keçirilməsini öz öhdələrinə götürürlər. Hər bir sığortaedəndən işçiyə hesablanmış əməkhaqqının 22 faizi həcmində, işçidən isə hesablanmış əməkhaqqının 3 faizi həcmində məcburi dövlət sosial sığorta haqqı Dövlət Sosial Müdafiə Fondu orqanının hesabına köçürülməlidir. 
Fərdi sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər və kənd təsərrüfatı subyektləri qeyd olunan qaydada istisna təşkil edir. Onlar da ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı əsasında, fərdi sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər fəaliyyət göstərdiyi sahəyə görə, kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edənlər isə torpaqların keyfiyyət qrupları üzrə hər hektar hesabı ilə müvafiq faiz dərəcələrində sosial sığorta haqqı ödəməlidirlər.
Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2013-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilmişdir. Bu əsasda kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən fiziki şəxslər əməkqabiliyyətli ailə üzvlərinin hər biri üçün torpaqların ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (105 manat) 1-ci keyfiyyət qrupu üzrə 12 faizi, yəni 12,6 manat, 2-ci keyfiyyət qrupu üzrə 8 faizi, yəni 8,4 manat, 3-cü keyfiyyət qrupu üzrə 4 faizi, yəni 4,2 manat, 4-cü keyfiyyət qrupu üzrə 2 faizi, yəni 2,1 manat miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Torpaqların keyfiyyət qrupu dövlət aktına əsasən müəyyənləşdirilir.
Ticarət, nəqliyyat, tikinti və digər sahələrdə sosial sığorta üzrə fəaliyyət də özünə məxsusluğu ilə fərqlənir. Belə ki, Naxçıvan şəhərində, rayonlarda ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının Naxçıvan şəhərində 50 faizinin 80 faizi, yəni 42 manat, rayon mərkəzində 50 faizinin 60 faizi, yəni 31,5 manat, kəndlərdə isə 50 faizi məbləğinin 50 faizi, yəni 26,25 manat miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının Naxçıvan şəhərində 20 faizinin 80 faizi, yəni 16,8 manat, rayon mərkəzlərində 20 faizinin 60 fazi, yəni 12,6 manat, kəndlərdə 20 faizi məbləğinin 50 faizi, yəni 10,5 manat miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 22 adda elektron xidmət göstərilməsi nəzərdə tutulmuşdur. Bu günlərdə məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi məqsədilə fondun www.dsmf.nakhchivan.az saytında müvafiq bölmə yaradılmışdır. Belə ki, www.dsmf.nakhchivan.az saytına daxil olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri plastik kartlar vasitəsilə məcburi dövlət sosial sığorta haqlarını tam şəkildə ödəyə bilərlər. Bu, sığortaedənlərə vaxta və vəsaitlərə qənaət etmək, sürətli ödəniş aparmaqla bərabər, məsafədən maliyyə idarəetməni təhlükəsiz həyata keçirmək imkanı verir.

Əli HÜSEYNOV
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı