Hər dərdin dərmanı olan bal asanlıqla başa gəlmir. Zərif qanadlı, təbiətin fəal canlısı, iş müddətində ömrü dörd həftəlik olan arı da digər canlılar kimi insan qayğısına möhtacdır. Pətəkləri təmiz olmalı, yeri zərərvericilərdən qorunmalı, rütubətsiz, işıqlı yerdə saxlanmalı, xəstələndikdə vitamin və biofəal maddələrə olan ehtiyacı ödənilməlidir. Əsl arıçılar deyirlər ki, təzə əkilmiş fidanlara necə qayğı göstərilirsə, arılara da belə qayğı ilə yanaşılmalıdır. Yalnız onda təmiz bal hasil olar.

        Pətəkdə iki cür arı var müdam,
        Necə ki pərvanəni aldadır şam.
        Biri yem daşıyır hey axşam-səhər,
        O biri gizlincə o yemdən yeyər.
        Bal verən arının bircəsi yəqin,
        Yüzündən yaxşıdır bal yeyənlərin.
                                 Nizami Gəncəvi

Arı da nəsil verir. Odur ki, arı ailəsində 500-dən 1000-dək erkək arı olur. Ana arı ilə mayalanmadan sonra bir qrup işçi arı bal istehsal etmək xüsusiyyətinə malik olmayan bütün erkək arıları pətəkdən qovaraq kənarlaşdırır.
Arının işi sirri-xudadır. Bir dəfə mütəxəssislər arının iş prosesini izləmək üçün içərisi görsənən pətək hazırlayırlar. Lakin arılar bərəmumla pətəyin divarlarını suvayaraq işə başlayırlar. Bal mövsümündə kiminsə haram əli pətəyə uzandısa, yaxud bilə-bilə qonşunun təzəcə çıxan arı beçəsini “mənim arı beçəmdir” deyə tutub yeni arı ailəsi yaratsa da, hər iki halda arılar məhv olurlar.

Keçilidə 100 il yaşamış, ömrünün 70 ilini arıçılığa həsr etmiş Məşədi İsa baba deyirdi ki, bir gün arı pətəklərinə qulluq edəndə heyrətə gəldim. Baxdım ki, qutunun döşəməsində bərəmumla örtülmüş əyri-üyrü bir zolaq var. Ərsinlə qaldıranda gözlərimə inanmadım. Bu, ilan ölüsü idi. Sən demə, ilan pətəyə girib, arılar onu sancaraq öldürüb. Cəsədi bayıra çıxara bilmədiklərindən onun üzərini bərəmumla suvayıblar. Rəvayətə görə, fateh İsgəndərin də nəşi uzaq ölkələrdən vətəninə bal içərisində gətirilib. 
Muxtar respublikamızda arıçılığın tarixi min illərlə ölçülür. Dilbər guşələrimizdən olan və zəngin təbiətilə fərqlənən Şahbuz dağlarında da məşhur arıçılar çox olublar. Küküdə Allahqulu Quliyev, Xudayar Quliyev, Zahid Səfərov, Şahhüseyn Səfərov, Keçilidə Məşədi Qəmbər, Məşədi İsa, 600-dən çox gərməşov səbətlərində saxladığı arılardan tonlarla bal götürən Hacı Nurəli, Kalba Əli, Nadir, Yasin, Nursuda Xalq şairi Məmməd Arazın atası İnfil, Zeynal Bağırov, Aydın Məmmədov, Külüsdə Zöhralı, Alməmməd, Məcid, Məmmədkərim, Yuxarı Qışlaqda Kalba İskəndər, Məmməd, Aşağı Qışlaqda Kalba İbrahim, Gəncalı babalar, Qızıl Qışlaq, Güney Qışlaq, Badamlı, Mahmudoba, Kolanı kənd­lərində bir-birindən adlı-sanlı onlarla arıçılar bu sahədə böyük təcrübə miras qoyublar.
İndilər tez-tez belə bir sual səslənir: Niyə keçən əsrin 50-ci illərinin xüsusi ətirli təbii balı yoxdur?
Əlbəttə, bu sualın cavabı aydındır. Əsas məsələ arının yem bazasındadır. Oxuculara təkcə bir faktı çatdıraq ki, 1951-ci ilin statistik məlumatına əsasən, təkcə Şahbuz rayonunda öküz, at-qatır qüvvəsilə əkilib-biçilib, dərzləri daşınan və çoxmailli, traktor-kombayn işləyə bilməyən dağ yamaclarında 32 min hektaradək yazlıq arpa və buğda, payızlıq arpa və buğda, noxud, mərcimək, gülül, zəyərək kimi dənli bitkilər əkilib. Bunların yetişməsi ərik morranandan (yəni iyunun əvvəllərindən) ta payızın son günlərinədək davam etdiyindən, sahələr möhkəm qorunduğundan, ən başlıcası isə qədim su arxları erkən yazdan ta qış düşənədək işlək olduğundan arıların ruzi mənbəyi zəngin və bol olub. İndi də belədir, yəni hər il salınan meyvə bağları, aran zonadakı taxıl, yem və bostan bitkiləri, yazın əvvəllərində bütün bağlarda qulac-qulac çiçək açan bar ağacları, yemişan, zirinc, çöl armudu, alması, alçası, həmərsin, əppəkli, dovşan alması, bəzəkli kol bitkiləri, yal-yamacların hər cür çiçəkli örtüyü, bulaq və sulu çeşmələrin qar yağanadək təzə-tər bitki aləmi arıçılığın yem bazasıdır. Əlbəttə, təbiətdə baş verən dəyişikliklər arıçılıqdan da yan keçmir. Belə şəraitdə arılar da insan qayğısına ehtiyac duyur. Hazırda keçmiş arıçıların irsini yaşadan, çoxillik təcrübəsi əsasında əldə etdiyi yenilikləri arıçılıqda uğurla tətbiq edən arıçılar çoxdur. Onlardan iki nəfər haqqında söhbət açmaq istərdik. Şahbuzlu pedaqoqlardan Yunis Quliyev və Məhərrəm Məhərrəmovu nəinki muxtar respublikada, hətta ölkəmizin çox yerlərində tanıyırlar. Bu şəxslər hər il bir tona qədər hasil etdikləri balı bazara çıxarmırlar. Onların təmiz məhsulu arı ailələrinə nümunəvi xidməti sayəsində ərsəyə gəlir. Odur ki, onların müştəriləri, necə deyərlər, qapılarındadır.
Yunis müəllimə belə bir sualla müraciət etdik:
– Yunis müəllim, təbii balla süni balı necə ayırd edə bilərsiniz?
Yunis müəllim bir qədər gülümsədi və dedi:
– Qaşığı balla doldurub yuxarı, lap bir metrədək qaldırmaq lazımdır. Qaba süzüləndə şırnaq üzülmədisə, deməli, təbii baldır. Yaxud kibritin yanan tərəfini bala batırıb yandırın, alışıb yandısa, təbii baldır, su ilə hazırlanan süni bal deyil. Bir də xırda quru lavaşı bala salanda çörək yumşalmadı, quru qaldısa, təbii baldır. Əsl bal qış vaxtı ağarar. Buna balın xarlaması deyilir. Çox adamlar elə bilir ki, yəqin, şəkər tozundan hazırlandığı üçün belə ağarıb. Əslində, əsl bal belə olur.
Arılar 1 kiloqram bal üçün 20 milyondan çox çiçəyə qonaraq nektar toplayırlar. Pətəyin girəcəyində arılar bərəmumdan balaca meydança düzəldirlər. Pətəyə girən arılar bu meydançadan keçərkən ayaqları, bədəni bu mühafizə zolağında dezinfeksiya olunur. Dünya baytarlıq xidmətində heyvanları xəstəlikdən qorumaq üsulu məhz arıların bu xüsusiyyətindən öyrənilib.
Təcrübəli arıçılar deyirlər ki, erkən yazda ac qalmamaları üçün arılara verilən şirənin 2-3 ay sonra bal hasil etmək prosesinə, təbii bal əldə edilməsinə qətiyyən aidiyyəti yoxdur. Elə ki baltoplama mövsümü başladı, onda arı ailələrinə şirə verilməsi dayandırılmalıdır.
İndi aqrar bölməyə olan dövlət qayğısı arıçılıq təsərrüfatına da böyük təkan verib. İş qalır arıçının imanı və insafına. Halal məhsul satana zaval gəlmir, saxta bal satanların itirdikləri qazanclarından çox olur.

Qaşdar ƏLİYEV
aqronom-fenoloq