Əmək pensiyalarının müntəzəm olaraq artırılması, pensiyaların vaxtlı-vaxtında pensiyaçılara ödənilməsi, pensiya təminatı ilə bağlı müvafiq qanunların qəbul edilməsi, ölkədə ilk dəfə olaraq yeni mexanizm hesab edilən fərdi uçot sisteminin qurulması, əmək pensiyalarının pensiyaçılara plastik kartlar vasitəsi ilə ödənişinin təşkil edilməsi və digər bu kimi işlər ulu öndərimiz Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın yüksək səviyyədə reallaşması nəticəsində mümkün olmuşdur.

Ölkə əhalisinin sosial müdafiə hüquqlarının qorunması və xalqın maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mütəmadi olaraq ulu öndərimiz Heydər Əliyev tərəfindən imzalanmış qanunların, fərman və sərəncamların hamısı bilavasitə əhalinin real gəlirlərinin artırılmasına, onların maddi rifahının yaxşılaşdırılmasına yönəldilmişdir.
Ölkəmizdə bazar münasibətləri sisteminin bərqərar olması əhalinin sosial müdafiəsi və pensiya təminatı sahəsində köklü dəyişikliklərin həyata keçirilməsini, beynəlxalq təcrübədə özünü doğrultmuş müasir sosial müdafiə mexanizmlərinin tətbiqini zəruri etmişdir. Bu məqsədlə də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu təsdiq edilmiş, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilmişdir. Hazırda ölkə rəhbərliyi yaşlı və gənc nəslin sosial müdafiəsinə diqqətini artırmaqla sağlam mənəvi mühitin yaradılması istiqamətində məqsədyönlü tədbirləri davam etdirir. Bu tədbirlərdən ən əsası isə yaşa görə əmək pensiyalarının baza hissəsinin mütəmadi olaraq artırılmasıdır.

2006-cı il 1 yanvar tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşa görə əmək pensiyasının baza hissəsi 25 manat müəyyənləşdirilmiş, 2006-cı il 1 aprel tarixdən bu məbləğ 30 manata, 1 oktyabr 2006-cı il tarixdən isə 35 manata çatdırılmışdır.
Bu prosesin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” Sərəncamına əsasən isə 2007-ci il yanvar ayının 1-dən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 40 manat müəyyən edilmişdir. Bu proses sonrakı illərdə də mərhələlərlə davam etdirilmişdir. Belə ki, 2007-ci il fevral ayının 1-dən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 50 manat, 2008-ci ilin yanvar ayının 1-dən 60 manat, 2008-ci ilin sentyabr ayının 1-dən 75 manat olmuşdur.
2010-cu il sentyabrın 1-dən isə əmək pensiyasının baza hissəsinin məbləği 85 manat müəyyən edilmişdir.
Pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2013-cü il tarixli Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyənləşdirilmişdir.
Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması nəticəsində Azərbaycanın Milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin yenidən hesablanması təmin ediləcəkdir.
Naxçıvan Muxtar Respublikasında yaşayan 52186 əmək pensiyaçısının (hərbi qulluqçular və dövlət qulluqçusu kimi pensiya alanlar istisna olmaqla) 94 faizinin əmək pensiyasının baza hissəsi artırılacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası alan vətəndaşların pensiyalarının baza hissəsinin artırılması barədə yerli orqanlara müvafiq göstərişlər verilmiş və pensiyaçıların pensiyalarının baza hissəsinin məbləğinin artırılması prosesinə başlanılmışdır. Bu proses qısa müddət ərzində başa çatdırılacaqdır.
Naxçıvan Muxtar Respublikasında yaşayan əmək pensiyaçılarının pensiyalarının baza hissəsində artımlar yenidən hesablandıqdan sonra sentyabr ayında ödənilməsi təmin ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti