İşaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri davam etdirilir. Bunun üçün yerli məşğulluq mərkəzləri tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlarla mütəmadi əlaqələr saxlanılaraq işaxtaran vətəndaşların seçimi üçün boş iş yerləri barədə məlumatlar toplanılır və əmək yarmarkalarına təqdim edilir. Növbəti belə əmək yarmarkası dünən Şahbuz rayonunda keçirilib. Aidiyyəti qurumdan aldığımız məlumata görə, yarmarkaya 13 müəssisədən 128 boş iş yeri çıxarılıb.
Tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov açıb. Qeyd olunub ki, Şahbuz rayonunda aparılan tikinti-quruculuq işlərinin genişləndirilməsi, müxtəlif xidmət sahələrinin yaradılması nəticəsində ötən il olduğu kimi, cari ildə də xeyli iş yeri yaradılıb. Bu da rayonun işaxtaran vətəndaşları qarşısında geniş imkanlar açır. Keçirilən əmək yarmarkaları isə əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Xəqani Həsənov çıxış edərək bildirib ki, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda uğurla davam etdirilən bu strateji xətt bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirməklə bərabər, yoxsulluğun aradan qaldırılmasına da geniş imkanlar açıb. Mütəmadi olaraq təşkil edilən əmək yarmarkaları isə qarşıya qoyulmuş vəzifələrin icrası yönündə həyata keçirilən tədbirlərdəndir.
İşaxtaran vətəndaş Səma İbrahim­ova göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Yarmarkada 25 nəfərə göndəriş verilib.

Xəbərlər şöbəsi