Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İşsizliyin aradan qaldırılması 10 il bundan əvvəl qarşıya qoyulmuş əsas vəzifələrdən biri idi. On il ərzində 1 milyon 180 min yeni iş yeri açılmışdır. Bu ilin altı ayında 55 min iş yeri yaradılmışdır. Onlardan 45 mini daimi iş yeridir. Yəni bu proses davam edir və bu da təbiidir. Çünki bizim iqtisadi siyasətlə bağlı təşəbbüslərimiz, o cümlədən Azərbaycanda aparılan sənayeləşmə siyasəti, əlbəttə ki, yeni iş yerlərinin açılmasına gətirib çıxarır”.
Şərur Rayon Məşğulluq Mərkəzinin keçirdiyi növbəti əmək yarmarkasında bu barədə geniş danışılmışdır. Şərur şəhərindəki Mədəniyyət Sarayında təşkil olunan tədbiri giriş sözü ilə açan Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov demişdir ki, əhalinin yeni iş yeri tapması üçün ən çevik formalardan sayılan əmək yarmarkalarının keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Məşğulluq Mərkəzinin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarla, sahibkarlıq subyektləri ilə sıx əlaqə saxlayır, boş iş yerləri haqqında məlumatlar toplayır və həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər. Bugünkü yarmarkaya isə 264 boş iş yeri çıxarılmışdır.
Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov çıxış edərək əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə, insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Tədbirdə işaxtaran vətəndaş Ceyran Əliyeva çıxış edərək məşğulluğun təmin olunması üçün əmək yarmarkalarının sərfəli metod kimi əhəmiyyətini qeyd etmiş, yeni iş yerlərinin yaradılması üçün dövlətimiz tərəfindən keçirilən tədbirləri ölkə vətəndaşlarına göstərilən qayğı kimi dəyərləndirmişdir.
Qeyd edək ki, əmək yarmarkasında 37 nəfərə göndəriş verilmiş, 25 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.

Cəfər ƏLİYEV