Növbəti iməciliklər də öz mütəşəkkilliyi ilə yadda qalıb

Muxtar respublikamızda son illərdə yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi həyata keçirilən məqsədyönlü tədbirlər hesabına mümkün olub. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində görülən tədbirlər davamlı xarakter almış, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınmış, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan belə tədbirlərin həyata keçirilməsi prioritet vəzifəyə çevrilmişdir.
Cari ilin isti yay günlərində də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilməsi diqqət mərkəzində saxlanılır. Çünki ilin bu fəslində yaşıllıq sahələri daha çox qayğı tələb edir.
Avqustun 17-də keçirilən iməci­liklər də yüksək səviyyədə təşkil olunmuşdu.

Naxçıvan şəhərinin sakinləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığında, Naxçıvan-Sədərək magistral yolunun kənarındakı və şəhərin müxtəlif ərazilərindəki yaşıl­lıqlara aqrotexniki qulluq göstərmiş, həmin ərazilər suvarılmış və alaq otlarından təmizlənmişdir.
Şərur rayonunda Naxçıvan-Sədərək magistral yolunun Püsyan kəndi hissəsindəki 10 hektarlıq meyvə bağında, Danyeri Kənd Mərkəzinin ətrafındakı yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilmişdir. Bölgə sakinləri Naxçıvan-Ordubad magistral yolunun və Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarında yaşıllıqlara aqrotexniki qulluq etmişlər.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilmiş, Naxçıvan-Ordubad magistral yolunun Aza, Düylün, Dəstə və Aşağı Əylis kəndlərindən keçən hissəsindəki bağlara, kənd və xidmət mərkəzlərinin ətrafındakı yaşıl­lıqlara aqrotexniki qulluq göstərilmiş, Ordubad şəhərindəki təmir olunan yaşayış binalarının ətrafında dibçək üsulu ilə 150 ədəd meyvə ağacı və 30 ədəd gül kolu əkilmişdir.
Culfalılar Naxçıvan-Ordubad magistral yolunun kənarlarındakı bağlara, rayonun bütün park və xiyabanlarındakı, şəhərin giriş hissəsindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, yaşıllıqlar suvarılaraq alaq otlarından təmizlənmişdir.
Kəngərli rayonunun sakinləri Naxçıvan-Sədərək magistral yolunun sag və sol hissələrindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Şahbuz rayonunda Naxçıvan-Batabat yolunun kənarlarındakı ağaclara, rayon ərazisindəki yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, alaq otları təmizlənmiş, ağaclar suvarılmışdır.
Sədərəklilər Naxçıvan-Sədərək magistral yolunun sağ və sol hissələrində, Qaraağac kəndinə gedən yolun kənarlarında, Sədərək kənd 2 nömrəli tam orta məktəbin və Mərkəzi Xəstəxananın ətrafındakı yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, Heydər­abad qəsəbəsindəki park və xiyabanlarda ağaclar suvarılmışdır.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılmışdır.

Xəbərlər şöbəsi