Muxtar respublikada keçiriləcək növbəti əmək yarmarkaları bu məqsədə xidmət edir

Muxtar respublikada əmək yarmarkalarının təşkil olunması artıq ənənəyə çevrilmişdir. İndi regionda əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol məhz əmək yarmarkalarıdır. Rayonlarda fəaliyyət göstərən məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgö­türənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir. Bu tədbirin bəhrələri də göz qabağındadır. 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən şəhər və rayonlarımızın hər birində 3 əmək yarmarkası keçirilmiş, bu yarmarkalara 380 müəssisə tərəfindən 3766 boş iş yeri çıxarılmış, 891 nəfər özünə iş yeri tapmış, 17 nəfər peşə hazırlı­ğına göndərilmiş, 95 nəfər ictimai işə cəlb olunmuşdur.
Gələcək həkim, müəllim, mədəniyyət və meliorator kadrlarının təminatında bir sıra uğurlu nəticələr əldə edilmişdir. Belə ki, 2007- 2012-ci illərdə təhsil işçiləri üçün keçirilmiş əmək yarmarkalarında 835 nəfər, 2009-2012-ci illərdə səhiyyə işçiləri üçün keçirilmiş əmək yarmarkalarında 98 nəfər işlə təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Mədəniyyət və Turizm Nazir­liyi və digər qurumlarda da əmək yarmarkalarının keçirilməsi, insanların peşə və ixtisasına uyğun daimi işlə təmin edilmələri diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, muxtar respublikada cari ilin ötən dövrü ərzində şəhər və rayonlarımızın hər birində 2 dəfə əmək yarmarkaları keçirilmişdir. Yarmarkalara, ümumilikdə, 284 təşkilatdan 2851 boş iş yeri çıxarılmış, 527 nəfər işlə təmin olunmuş, 7 nəfər peşə hazırlığına göndərilmiş, 70 nəfər ictimai işlərə cəlb edilmişdir.
Bu il Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən yarmarkaya 606 iş yeri çıxarılmış, 17 nəfərə göndəriş verilmişdir.
Xidmətdən aldığımız məlumata görə, avqust ayının 20-dən başlayaraq növbəti əmək yarmarkalarına start veriləcək. Həmin gün ilk belə tədbir Ordubad rayonunda reallaşacaq. Şərurda isə bu tədbirin avqust ayının 21-də keçirilməsi nəzərdə tutulmuşdur. Kəngərli rayonunun işaxtaran vətəndaşları avqustun 22-də bu problemlərini həll edə bilərlər. Babək rayonunda keçiriləcək tədbir avqustun 23-nə təyin olunmuşdur. Şahbuzlular belə tədbirə avqust ayının 27-də qatılacaqlar. Əmək yarmarkası Sədərək rayonunda avqustun 28-də, Culfada isə ayın 29-da təşkil olunacaq. Naxçıvan şəhərində əmək yarmarkasının keçirilməsi avqustun 30-da nəzərdə tutulmuşdur.

Xəbərlər şöbəsi